‘Ziyəddin Səlim’ Yazı Arşivi
Sual
Bu dedi: – Koroğlunun nəvəsiyəm.
O dedi: – Şah İsmayıl
Babamdı mənim.
Görəsən bəs niyə
bu günə qaldı Vətən?..
Müəllif:Ziyəddin Səlim
Cib
Təzə-təzə yeriyirdim,
cib tikdilər paltarıma,
şirin-şirin konfet yığdım
ciblərimə.
Cibli paltar xoşuma gəldi.
Böyüdükcə ayrı-ayrı şeylər
yığmağa başladılar
konfetlərin yerinə.
Özüm kimi ciblərim də yekəlirdi,
özüm də şişirdim,
ciblərim də şişirdi, dikəlirdi.
Bir kabinet tapşırdılar
bir gün mənə, bir kreslo.
Dünya vecimə deyildi əsla.
Cib qoydurdum
kresloya,
kabinetə,
qarşımdakı masaya da.
Peyğəmbərim ciblər idi.
Inanmazdım İsaya da,
Musaya da.
Cibdən başqa
mən hər şeyi unutmuşdum.
Ciblər mənə arxa idi,
dayaq idi,
zor, güc idi.
Bir gün mənə
cibsiz paltar geyindirdi
biçib ağı
molla Bakir cüvəllağı.
Geri dönmək istəyirdim,
çox gec idi…
Müəllif:Ziyəddin Səlim
Dəli kimdi, ağıllı kim?!
Bir dəlinin
bir quyuya atdığı daş
neçə-neçə ağıllını
işə saldı.
Dəli vurduğu düyünü
ağıllılar dişə saldı.
Dəlilərin dərdini də
ağıllılar çəkir guya.
Səni dağıl, belə dünya!
Bombaları kim yaratdı?
Ağıllılar.
Top-tüfəngi kim düzəltdi?
Ağıllılar.
Yanğınları, qırğınları kim törətdi?
Ağıllılar.
Indi gəl,
zavallı insan,
dəlilərin dəliliyinə,
ağıllıların ağlına inan!..
Müəllif:Ziyəddin Səlim
Gülə sər

(təcnis)
Niyyət xoşsa lap qocal da, qarı da.
Xoş gələcək sənə qız da, qarı da.
Yaz nəfəsi yox eyləyər qarı da,
Yel vuranda çiçək gülər, gül əsər.
***
Gözəllərin atəşinə yan asan,
Sevirsənsə zülmü özgə yana san,
Eşq oduna gərək elə yanasan,
Nurlana göz, sevinə qəlb, gülə sər.
***
Bar payızın, qar qışın, gün yayındı,
Demə könlüm bu sevdadan yayındı.
Öz eşqini car çək elə, yay indi,
Sevdiyin qız Güləsərdir, Güləsər.
***
Bir qaydadır, gərək bərkə düz düşə,
Dağ eşqinə aran düşə, düz düşə.
Gül dibində elə dur ki, düz düşə,
Kökə ayaq, budağa can, gülə sər.
***
Yaz oldumu, çiçək şəfəq, budaq dan,
Duman qalxar o dərədən, bu dağdan,
Nur seli tək seh çilənər budaqdan,
Gül üzünü gülabla yu, gülə sər.
***
Umulacaq nəyin varsa yar uma,
Ara vuran, səni görüm yarıma.
Bir dəstə gül göndərsəm də yarıma,
Insafsıza eyləmədi gül əsər.
***
El ağ olmaz el içində üz ağa,
Qəvvassansa qaradan dön üz ağa,
Ay Ziyəddin, çox da getmə uzağa,
Gül həvəsli ol ki, yarat gül əsər.
Müəllif: Ziyəddin Səlim