‘zeynal’ Yazı Arşivi

PostHeaderIcon Nədir

http://s50.radikal.ru/i129/0909/6c/023e43096545.jpg

Köç edir durna kimi,
Gün gedir, zaman gedir.
Qəlbimi didən qəmi,
Köksümü oyan nədir?!

Səd çəkmədim vaxtıma,
Çıxdım gənclik taxtıma,
Şeir düşüb baxtıma,
İşimi əyən nədir?!

Gedir gözümün nuru,
Sözüm durudan duru,
Bayraq etdim qüruru,
Qapımı döyən nədir?!

Seçirəm dağı-daşı,
Damladır gözün yaşı,
Qarşımda kəlməbaşı,
Bu dəhnə-yüyən nədir?!

Gözlər qəm, baxışlar ac,
Ürək od üstündə sac,
Ağı deyir ehtiyac,
Ömürə qıyan nədir?!

Yol göstərdim naşıya,
Dərd daşıya-daşıya,
Burada bir haşiyə,
İçimi yeyən nədir?!

Sevgim qəlbin qənimi,
Kədər edib dənimi
Qara etmə günümü,
Xətrinə dəyən nədir?!

Müəllif: Sərdar zeynal

E mail:serdar-zeynal@box.az

PostHeaderIcon Gəzdirir

http://s50.radikal.ru/i129/0909/6c/023e43096545.jpg

Yaxşı bax bundakı duruşa, boya,
Vədəli, vədəsiz özün əzdirir.
Düşünür yeganə kişidi, güya,
İnsanlararası soraq gəzdirir.

Gah qalxır göylərə, gah enir yerə,
Güc verir namərdə, haqsıza, şərə,
Çətinə düşəndə yer gəzir girə,
Başını gözlərdən qıraq gəzdirir.

Əlindən viranə, sökülü çoxdur,
Namərdin əlində bir qəfil oxdur,
Başında bir əlçim kəkili yoxdur,
Cibində qızıldan daraq gəzdirir.

Ünvanın yazanda on yerdə çaşır,
Düz sözü deyəndə dili dolaşır,
Baxışın dəyişir, güya, söz qoşur,
Özüylə karandaş, vərəq gəzdirir.

Bacarsa düzləri dibindən biçər,
Göz yaşın axıdıb qanından içər,
Əlləri yanında yol keçə-keçə,
Ayağı üstündə oraq gəzdirir.

Bazara çıxarsan dəyməz qəlp pula,
Bir “sağ ol” eşitcək sığışmaz yola,
Ovçunun ovuna göz dikən tula,
Yanında cangüdən, yaraq gəzdirir.

Müəllif: Sərdar zeynal

E mail:serdar-zeynal@box.az

PostHeaderIcon Qanlı 20 Yanvar

http://s50.radikal.ru/i129/0909/6c/023e43096545.jpg

Qar deyil ki, günəş vura əriyə,
Yara deyil məlhəm çəkəm giriyə.
Dağ çəkilən milyonlardan biriyəm,
Kimə acım, kimə deyim bu dərdi.

Başım üstə bayraq etdim haqqımı,
Güllə ilə sındırdılar şaqqımı,
Haqlı çıxdı əbədiyyət satqını,
Kimə acım, kimə deyim bu dərdi.

Qanadlandı ölüm yüklü güllələr,
Sinəmizdə çiçək açdı lalələr,
Yaddan çıxmaz o gecəki nalələr,
Kimə acım, kimə deyim bu dərdi.

Topladılar yüz dərənin suyunu,
Doldursunlar suya həsrət quyunu,
Başımıza açdılar min oyunu,
Kimə acım, kimə deyim bu dərdi.

Cana gəlir dünya mənim odumdan,
Xəbəri yox taleyimdən, adımdan.
Sıxılmaqdan adım çıxır yadımdan,
Kimə acım, kimə deyim bu dərdi.

Tumarlanır bostanıma daş atan,
Addımını əyri atan, çaş atan,
O, silahlı, mən əlimdə quşatan,
Kimə acım, kimə deyim bu dərdi.

Yurd yolunda min qurbanlıq baş durub,
Hər addımda tarixləşən daş durub,
Qarşımızda qar-boranlı qış durub,
Kimə acım, kimə deyim bu dərdi.

Kim unudar İyirmisi yanvarı,
Əbədilik milyon qəlbin qübarı,
Yüz altmış il Vətən yarı, biz yarı,
Kimə acım, kimə deyim bu dərdi.

Müəllif: Sərdar zeynal

E mail:serdar-zeynal@box.az

PostHeaderIcon Vətən, Bağışla Məni

http://s50.radikal.ru/i129/0909/6c/023e43096545.jpg

Neçə yol doğranmışam,
Neçə yol biçilmişəm.
Qismətim yada qismət,
Ayaqda kiçilmişəm,
Vətən, bağışla məni.

Haqqımı istəmişəm,
Dilimə dağ basılıb.
Boynumun kündəsindən
Qalmışam mən asılı,
Vətən, bağışla məni.

Çoxum əlimdən gedib,
Gözüm azın dalında.
Ömrümü əritmişəm,
Namərd qilü-qalında,
Vətən, bağışla məni.

İldırım yandırmayıb,
Od almışam içimdən.
Yollar cana gəlibdir,
Yurddan-yurda köçümdən,
Vətən, bağışla məni.

Dünən kütümü yeyən,
Bu gün özümə hürür.
Əlimə yetişəni,
Məndən qabaq götürür,
Vətən, bağışla məni.

Ağlım özümə qənim,
Ürəyim səngərimdir.
Qövr eyləyən dərdimin,
Rişələri dərindir,
Vətən, bağışla məni.

İldırım sındıracaq,
Bir gün sükut buzumu.
O vaxt qan tutacaqdır,
Yanan qartal gözümü,
Vətən, bağışla məni.

Müəllif: Sərdar zeynal

E mail:serdar-zeynal@box.az

PostHeaderIcon Əzabla Yaşadım

http://s50.radikal.ru/i129/0909/6c/023e43096545.jpg

Ömrümdən süzülən bu illər boyu,
Yaşatdım özümə min dərdi-səri.
Qəm yedim göydəki ulduzlar sayı,
Hissimi söz edib yazandan bəri.

Əzabla yaşadım elim çəkəni,
Yurdumda min qayğı, zülüm çəkəni,
Kim yoldan qaytarıb ölüm çəkəni,
Allahdan əlini üzəndən bəri.

Zülümlər çəkirik illər boyunca,
Sevinci ünvansız, qəmi doyunca,
Ümidi qalıbdır Misri qılınca,
El Şuşa dərdinə dözəndən bəri.

Yuxumuz perikib, göyə çəkilib,
Yurduma günahsız qanlar tökülüb,
Elə bil Qoşqarın beli bükülüb,
Yağılar Laçında gəzəndən bəri.

Yollara boylanır çəməni, çölü,
Sükuta qərq olub bulağı, gölü,
Şuşada yetişən xarı bülbülü,
Düşmənlər qoparıb üzəndən bəri.

Olmuşuq həsrətin, dərdin əsiri,
Cəbrayıl qurbanlıq gedəndən bəri,
Səslədim, yuxudan oyanmır biri,
Nifrətim qəlbimi əzəndən bəri.

Əyilib, gün batıb, qaralıbdı qaş,
Qənimə dönübdür sirdaşa sirdaş,
Uzunmu çəkəcək görən bu savaş,
Göz qandan-qadadan bezəndən bəri.

Dağ-dərə itirdik, meşə itirdik,
Nərgizli, lilparlı guşə itirdik.
Nə vardı hamısın qoşa itirdik,
Namərdlər yolunu azandan bəri.

Müəllif: Sərdar zeynal

E mail:serdar-zeynal@box.az

Ara