‘Yuxu’ Yazı Arşivi

PostHeaderIcon Şirin Yuxu

http://s004.radikal.ru/i208/1001/1e/1744ef6369f7.jpg

İlahi, bir şirin yuxu ver mənə,
Elə bir yuxu ki, bir ömür yatım.
Uçub arzuların qanadlarında,
Vüsal mənzilinə bir anda çatım.

Mənə bir yuxu ver, yuxu ver Allah,
İntizar, göz yaşı qismət olmasın.
Onda sevgi olsun, məhəbbət olsun,
Ayrılıq olmasın, həsrət olmasın.

Elə bir yuxu ki, onun əliylə,
Fələyin cövrünü itirə bilim.
Mənə yuxu versən, vaxt da ver Allah,
Gördüyüm yuxumu bitirə bilim.

Müəllif: Elnarə Şəms

PostHeaderIcon Yuxular

Yuxular həqiqət olsaydı əgər,
Arzular,xəyallar gərəksizləşər,
Bir heçə dönərək məhv olacaqdı
Insan yuxularla yaşayacaqdı.

Kiminin yuxusu sevinc dolusu,
Bir deyil,min dəfə görmək arzusu,
Onun ürəyinə taxt salacaqdı
Insan yuxulara aldanacaqdı.

Kiminin yuxusu həsrət qoxulu,
Həyatın özütək oda qorxulu,
Bir daha yuxular görməsin deyə
O nifrət edərdi yuxu görməyə.

Yuxular qəribə xoş,dəhşət kimi,
Biz onu görürük həqiqət kimi.
Yuxunu həqiqət sandığımızdan,
Onu axtarırıq zamanbazaman,

Yuxular həyatın özündə həyat,
Bəzən həyacansız,bəzən narahat.
Bir günü özünə sevdirir bizi,
Bir günsə sındırır ürəyimizi.

Müəllif: Habil Yaşar

PostHeaderIcon Yuxu

çöldə soyuqdur,
qar yağır,
güclü külək əsir,
mənimsə
evimi oğurlayiblar
ey gözəl qiz,
nə olar qapını açsan da məni içəri buraxsan
bir gecəliyinə
qalsam səndə
divanda da yatmağa razıyam
qəhvə istəməyəcəyimə söz verirəm
bəlkə gəlim?

Müəllif: Elmin Həsənli

PostHeaderIcon Yuxu

Nəhayət tutub əlini
Açıqca “sevirəm” dedim.
Nəhayət baxıb gözünə
“Getmə,səninəm” söylədim.

Dedim sevgi etirafı
Nə gözəl bir duyğu imiş
Fəqət açıb gözlərimi
Gördüm bu bir yuxu imiş.

Məhsəti Musa

PostHeaderIcon Pis yuxu

Pis yuxu görəndə
Axar suya danışarlar.
Dərdi atıb insanlar
Belə rahatlaşarlar.
Pis yuxu görmüşəm mən də
Gözümü açandan,
dünyaya baxandan.
Yuxum yerində qalıb
Qırıq kino lenti tək
Nə gedir irəli,
nə də qayıdır geri.

Eyni röya
yordu məni, axar su!
Hər gün yatmış qürurum
O yuxuya baxar,su!
Mən danışım dərdimi,
Axar su, məni dinlə
İcazə ver bir anlıq,
Həmdəm olum səninlə.
O yuxu,
Qarabağ yuxusudur,axar su!
İçimdə bir qorxu var
O qorxu
Qarabağ qorxusudur,axar su!
Yox, qorxmuram
can verməkdən,
qan verməkdən.
Mən qorxuram vətənimi,
torpağımı,
Birdəfəlik itirməkdən.
Odur ki danışım sənə,
Amma dərdimi aparma,su!
Qoy bu dərd yandırsın bizi,
Qoy bu dərd yapışsın bizə,
Onu bizdən qoparma,su!
Yəqin bir gün bu millətin
Səbr kasası dolar.
Belə fikir söyləyiblər :
Türk özünə dönəndə
Böyük olar!
Böyük olar!

Müəllif: Məhsəti Musa

Ara