‘Yoxdur’ Yazı Arşivi
Dərdimi

Yoxdur səndən özgə könül sirdaşım,
Soruşa halımı,bilə dərdimi.
Görmədim fələyin sevinc payını,
Mənə hədiyyəsi elə dərdimi?
Ey məni bu qədər tox görən adam,
Doymadım bu dərddən,yox,görən adam.
Mənə sevincimi çöx görən adam,
Nə ola çəkməkdən ölə dərdimi.
Dünya çoxlarına bal dolu pətək,
Ömrüm arıların”sancdığı”çiçək.
Yığdım qucağıma qəmi bir ətək,
Yüklədim boynuma şələ dərdimi.
Elnarə,bu fələk namərddir yaman,
Mərd olan istəməz namərddən aman.
Dərdim ürəyimi böldüyü zaman,
Ola bir həmdəmim,bölə dərdimi.
Müəllif: Elnarə Şəms
Yoxdur günah bizdə
Cəhənnəmləşdirilmişlərdənik, yoxdur günah bizdə,
Bəli xəmləşdirilmişlərdənik, yoxdur günah bizdə.
Fəğan etsək belə pərvərdigarə naləmiz yetməz,
Səsi bəmləşdirilmişlərdənik, yoxdur günah bizdə.
Keçirsə ömrümüz qan tökmək ilə fani dünyada,
Bura cəmləşdirilmişlərdənik, yoxdur günah bizdə.
Sevincdən ağladıq gah, gah qəmdən oldu sel yaşlar,
Gözü nəmləşdirilmişlərdənik, yoxdur günah bizdə.
Nə eşq ilə yetişdik kamə, nə əql ilə şad olduq,
Ki sərsəmləşdirilmişlərdənik, yoxdur günah bizdə.
Yıxılmış gəlmişik dəhrə, bizi mey yıxmayıb, saqi,
Əzəl dəmləşdirilmişlərdənik, yoxdur günah bizdə.
Ya bu fani cahana qəm ilə biz gəlmişik, Arif,
Ya da qəmləşdirilmişlərdənik, yoxdur günah bizdə.
Müəllif:Arif Buzovnalı