‘şeir’ Yazı Arşivi
Özünə düşmən qazanacaq şeir
Ərəfatda
şeytan daşladılar,
namaz qıldılar.
Oldular tamam-dəsgah
mömin bəndə.
Kimi döndü şəhərə,
kimi əlində təsbeh
qayıtdı kəndə.
Bir sözlə,
oldular hacı.
Deputat da vardı içlərində,
nazir də.
Piştaxta arxasında
qulaqkəsənlər də vardı
aralarında,
lap elə içkini təzə
tərk edənlər də.
Xülasə, fağırlar da vardı
aralarında.
Xalam demiş, “bərkgedənlər” də.
Aylar keçdi,
illər dolandı, bu səfərdən
hamı yenə
köhnə işindəydi.
Külək yenə
həmin səmtə əsirdi.
Deputat vəd verirdi,
nazir nəzir yığırdı,
piştaxtanın arxasındakı
qulaq kəsirdi.
Müəllif:Ziyəddin Səlim
Qəzəl

Ey könül, etmə qəmini ta bu məhbubələrin,
Yoxmu dünyada sənin özgə qəmin, dərdi-sərin.
Ibrət et Yusifi Kənana olan riyadan,
Xabi-qəflətdən ayıl, bir də xəyal eylə dərin.
O qədər zülfi-pərişanı görüb mat qalma,
Xəyalın göydə uçurkən qırılar balu-pərin.
Sınayıb çoxları aşiq kimi sevda yolunu,
Görməyib əhdə vəfasını bu məşuqələrin.
Çox giley eyləməyin bil, sənə nöqsan yazılar,
Sözlərin bal kimi varkən acı salma yerini.
Bir göyərçin kimi əldən uçurub gəncliyini,
Gəl, Ziyəddin, ələ al bir də şeir dəftərini.
Müəllif: Ziyəddin Səlim
Sevənlərdən sevilənlərə

Mən sənin qəlbinin dərinliyində
Yatan bir duyğuyam, oyanacağam.
Dünyanın ən mərhəm, isti rənginə
Məhəbbət rənginə boyanacağam.
***
Sən mənim bir ümid çırağım idin,
İstəyim, həvəsim, marağım idin.
Ən xoş sədam idin, sorağım idin,
Indi bir gümana dayanacağam.
***
Sevən seviləndən gərək yarına.
Yar deyən yarından gərək barına.
Tufanlar qoparan ədalarına
Palıd vüqarıyla dayanacağam.
Müəllif: Ziyəddin Səlim
Gülə sər

(təcnis)
Niyyət xoşsa lap qocal da, qarı da.
Xoş gələcək sənə qız da, qarı da.
Yaz nəfəsi yox eyləyər qarı da,
Yel vuranda çiçək gülər, gül əsər.
***
Gözəllərin atəşinə yan asan,
Sevirsənsə zülmü özgə yana san,
Eşq oduna gərək elə yanasan,
Nurlana göz, sevinə qəlb, gülə sər.
***
Bar payızın, qar qışın, gün yayındı,
Demə könlüm bu sevdadan yayındı.
Öz eşqini car çək elə, yay indi,
Sevdiyin qız Güləsərdir, Güləsər.
***
Bir qaydadır, gərək bərkə düz düşə,
Dağ eşqinə aran düşə, düz düşə.
Gül dibində elə dur ki, düz düşə,
Kökə ayaq, budağa can, gülə sər.
***
Yaz oldumu, çiçək şəfəq, budaq dan,
Duman qalxar o dərədən, bu dağdan,
Nur seli tək seh çilənər budaqdan,
Gül üzünü gülabla yu, gülə sər.
***
Umulacaq nəyin varsa yar uma,
Ara vuran, səni görüm yarıma.
Bir dəstə gül göndərsəm də yarıma,
Insafsıza eyləmədi gül əsər.
***
El ağ olmaz el içində üz ağa,
Qəvvassansa qaradan dön üz ağa,
Ay Ziyəddin, çox da getmə uzağa,
Gül həvəsli ol ki, yarat gül əsər.
Müəllif: Ziyəddin Səlim
