‘Şair’ Yazı Arşivi

PostHeaderIcon Bir şair yaşayır Kür qırağında

http://s57.radikal.ru/i156/1004/db/43e36b9c8734.jpg

Vətənsiz, torpaqsız, evsiz-eşiksiz,
Bir şair yaşayır Kür qırağında,
Kəndi Sofulusuz – doğma beşiksiz,
Bir şair yaşayır Kür qırağında…
***
Vətəni Ağdama uzaqdan baxan,
Gözündən bulaqlar, çeşmələr axan,
Qəlbini intizar yandıran-yaxan,
Bir şair yaşayır Kür qırağında…
***
Xəyalı dolaşıq, halı pərişan,
Əlacsız dərdləri başından aşan,
İlhamı dəniz tək çağlayan, coşan,
Bir şair yaşayır Kür qırağında…
***
Ürəyi öz doğma elinə bağlı,
Məst edən ətirli gülünə bağlı,
Şirin ləhcəsinə, dilinə bağlı,
Bir şair yaşayır Kür qırağında…
***
Babalar məzarı qürbətdə qalan,
Zəhmətlə yığdığı dövləti talan,
On ildir naləsi göyə ucalan,
Bir şair yaşayır Kür qırağında…
***
Bir cənnət diyardan arana düşmüş,
İstidən, bürküdən, odlanmış, bişmiş,
Quş kimi yuvadan uçmuş, perikmiş,
Bir şair yaşayır Kür qırağında…
***
Gecələr yuxusu ərşə çəkilən,
Gündüzlər gözləri yola dikilən,
Vətən həsrətindən beli bükülən,
Bir şair yaşayır Kür qırağında…
***
Ayları, illəri bir-birinə tən,
Könlündə təlatüm, çöhrəsində çən,
Andı ana torpaq, qibləsi Vətən,
Bir şair yaşayır Kür qırağında…
***
Ulu yaradanı müqəddəs sayan,
Vəfalı dostlara canını qıyan,
Qəmli günlərində elinə həyan,
Bir şair yaşayır Kür qırağında…
***
Tanrımız düzəltsin əyilən qəddin,
Dərdlər qabağına çəksin öz səddin,
Soyadı – Məmmədli, adı – Fəxrəddin,
Bir şair yaşayır Kür qırağında…

Müəllif: Fəxrəddin Sofulu

PostHeaderIcon Qəzəl

http://s001.radikal.ru/i196/1001/52/7e88250fd4dd.jpg

Ey könül, etmə qəmini ta bu məhbubələrin,
Yoxmu dünyada sənin özgə qəmin, dərdi-sərin.

Ibrət et Yusifi Kənana olan riyadan,
Xabi-qəflətdən ayıl, bir də xəyal eylə dərin.

O qədər zülfi-pərişanı görüb mat qalma,
Xəyalın göydə uçurkən qırılar balu-pərin.

Sınayıb çoxları aşiq kimi sevda yolunu,
Görməyib əhdə vəfasını bu məşuqələrin.

Çox giley eyləməyin bil, sənə nöqsan yazılar,
Sözlərin bal kimi varkən acı salma yerini.

Bir göyərçin kimi əldən uçurub gəncliyini,
Gəl, Ziyəddin, ələ al bir də şeir dəftərini.

Müəllif: Ziyəddin Səlim

PostHeaderIcon Sevənlərdən sevilənlərə

http://s001.radikal.ru/i196/1001/52/7e88250fd4dd.jpg

Mən sənin qəlbinin dərinliyində
Yatan bir duyğuyam, oyanacağam.
Dünyanın ən mərhəm, isti rənginə
Məhəbbət rənginə boyanacağam.
***
Sən mənim bir ümid çırağım idin,
İstəyim, həvəsim, marağım idin.
Ən xoş sədam idin, sorağım idin,
Indi bir gümana dayanacağam.
***
Sevən seviləndən gərək yarına.
Yar deyən yarından gərək barına.
Tufanlar qoparan ədalarına
Palıd vüqarıyla dayanacağam.

Müəllif: Ziyəddin Səlim

PostHeaderIcon Gülə sər

http://s001.radikal.ru/i196/1001/52/7e88250fd4dd.jpg

(təcnis)
Niyyət xoşsa lap qocal da, qarı da.
Xoş gələcək sənə qız da, qarı da.
Yaz nəfəsi yox eyləyər qarı da,
Yel vuranda çiçək gülər, gül əsər.
***
Gözəllərin atəşinə yan asan,
Sevirsənsə zülmü özgə yana san,
Eşq oduna gərək elə yanasan,
Nurlana göz, sevinə qəlb, gülə sər.
***
Bar payızın, qar qışın, gün yayındı,
Demə könlüm bu sevdadan yayındı.
Öz eşqini car çək elə, yay indi,
Sevdiyin qız Güləsərdir, Güləsər.
***
Bir qaydadır, gərək bərkə düz düşə,
Dağ eşqinə aran düşə, düz düşə.
Gül dibində elə dur ki, düz düşə,
Kökə ayaq, budağa can, gülə sər.
***
Yaz oldumu, çiçək şəfəq, budaq dan,
Duman qalxar o dərədən, bu dağdan,
Nur seli tək seh çilənər budaqdan,
Gül üzünü gülabla yu, gülə sər.
***
Umulacaq nəyin varsa yar uma,
Ara vuran, səni görüm yarıma.
Bir dəstə gül göndərsəm də yarıma,
Insafsıza eyləmədi gül əsər.
***
El ağ olmaz el içində üz ağa,
Qəvvassansa qaradan dön üz ağa,
Ay Ziyəddin, çox da getmə uzağa,
Gül həvəsli ol ki, yarat gül əsər.

Müəllif: Ziyəddin Səlim


PostHeaderIcon Sevda

http://i063.radikal.ru/1001/92/a1a40e4f9374.jpg

Müəllif: Ahmet Yalçınkaya

Mən hər səhər bu yolun başına gəlirəm
keçəcəksən deyə buradan
gözləyərəm, gözləyərəm və gözləyərəm…

Uzaqda göründüyündə
qəfəsinə sığmaz ürəyim,
lalələr açar içimdə…
izah edilməz bir istilik bürüyər bədənimi
təpədən dırnağa yanaram…
yolda kim var kim yox görməm, görə bilməm.
ağacları görməm
və sən yaxınlaşdığında
donar qanım, donar dərrakəm
donar canım…

Keçib gedersən,
ha varım mən ha yoxum
umurundamı sənin, dünyanın
ya da günəşin

Evimə döndüyümdə
bir xəyali daşıyaram mənliyimlə…
səbəb var yenə
qaranlıq və soyuq gecəni sovuşdurmağa
bir səbəb daha sabaha çıxmağa,
yenə qaçacağam ertəsi səhər
eyni yolun başına…

Tərcümə edən: A. Edip Yazar

Ara