‘Səməd vurğun’ Yazı Arşivi
Qəzəl
Meysiz, məzəsiz can ilə canan ola bilməz!
Sevda dediyin hər kəsə meydan ola bilməz!
Arifləri dindir ki, nədir şer ilə sənət?
Şair yaranan ömrə peşiman ola bilməz!
Könlüm evi bir gülşənə bənzər ki, əzizim,
Min badi – xəzan əssə də viran ola bilməz!
Qəlbin, ürəyin odlarına yanmasa bir söz
Dillərdə, ağızlarda o dastan ola bilməz!
Girdim günəşin qoynuna, minbir səhərim var,
Bülbül də mənim, gül də , zimistan ola bilməz.
Yüksəl, fəqət insanlığa pis gözlə baxanlar
Dünyada bir ad qoysa da, insan ola bilməz!
Xoşbəxt elimin, yurdumun öz Vurğunuyam mən,
Bundan da gözəl bir daha dövran ola bilməz!
Müəllif: Səməd vurğun
Şair, nə tez qocaldın sən!
Nemətsə də gözəl şer,
Şair olan qəm də yeyir.
Ömrü keçir bu adətlə,
Uğurlu bir səadətlə.
Görən məni nədir deyir:
Saçlarına düşən bu dən?
Şair, nə tez qocaldın sən!
Dünən mənə öz əlində
Gül gətirən bir gəlin də
Gözlərində min bir sual
Heykəl kimi dayandı lal…
O bəxtəvər gözəlin də
Mən oxudum gözlərindən:
Şair, nə tez qocaldın sən!
Ovçuluğa meyil saldım,
Gecə – gündüz çöldə qaldım,
Dağ başından enib düzə
Bir ox kimi süzə – süzə
Neçə ceyran nişan aldım;
Cavab gəldi güllələrdən:
Şair, nə tez qocaldın sən?
Bəzən uca, bəzən asta,
Ötür sazım min sim üstə.
Andı yalan, eşqi yalan,
Dostluğu da rüşvət olan,
Ürək yıxan bir iblis də
Üzəvari deyir hərdən:
Şair, nə tez qocaldın sən!
Saç ağardı, ancaq ürək
Alovludur əvvəlki tək.
Saç ağardı, ancaq nə qəm!
Əlimdədir hələ qələm…
Bilirəm ki, deməyəcək
Bir sevgilim , bir də Vətən:
-Şair, nə tez qocaldın sən!
Müəllif: Səməd vurğun
Bir səs
Qərib bir səs gəldi bu gün qəlbimdən:
Ömrün baharında öləcəyəm mən…
Didib parçaladı bağrımı bu qəm,
Üzümə boylandı əlimdə qələm!
Of…Bu səs! Nə qədər ömrümə yaddır.
Mənim ki, gəncliyim qəmdən azaddır!
Qayadanmı qopdu bu daşqəlbli səs?
Həyat öz oğlunu vaxtsız itirməz!
Dağılın başımdan qara xəyallar.
Hələ arzularım, əməllərim var.
Qapımdan getməmiş ömrün ayağı,
Dövran mənzilimə dost gələcəkdir,
Azəri yurdunun şer bayrağı
Mənim sənətimlə yüksələcəkdir.
Müəllif: Səməd vurğun
Ana (Anne)
Pək cocuğdum, yerə gömdülər səni,
Həyata qanadsız atdılar məni.
Bax, necə pozulub ömür gülşəni,
Həyat sənsiz mənə zindandır, ana!
Qoynunda bəslənir gözəl diləklər,
Layiqdir səcdəyə sənə mələklər,
Nerdəsən, gözlərim həp səni bəklər,
Bax evladın nasıl giryandır, ana!
Sən bir günəş idin, doğdum da, batdın,
Yazıq evladını qəmlərə atdın.
Bir cavab ver, hanki murada çatdın
Torpaqlarda neçə zamandır, ana!
Bir ah çəksəm sənsiz, qopmazmı tufan?
Əzizim anacan, gözüm anacan!
Yumuq gözlərini aç da bir oyan,
Şimdi zaman başqa zamandır, ana!
Yıxılıb payinə öpmək istərəm,
Analıq mehrini görmək istərəm,
Səni görmək üçün ölmək istərəm,
Təsəlim ah ilə fəğandır, ana!
Müəllif: Səməd vurğun