‘Qayıt’ Yazı Arşivi
Qayıt, gəl!
Hz.Məhəmmədə(s.a.v)
Günəş yummuş gözünü buludlar göz qapağı,
Gəl dünyanı aydınlat aləmlərin çırağı,
Ey günahkar qulların ümidi,son durağı
Gəl ki,duyulmaz oldu İslamın səs-sorağı.
İndi dünya qaranlıq ruhların dünyasıdır,
O “canlı meyit”lərin dəfn yeri,yasıdır,
Bu dünyanın mənası o dünya sevdasıdır.
Sən də hər fani kimi bu dünyanın qonağı-
Gəl ki,duyulmaz oldu İslamın səs-soraği.
Bəyanınla haramı,halalı fərq eylədik,
Biz sənin həyatınla Quranı dərk eylədik,
Sənsizlik aləmində aləmi tərk eylədik,
Gəl söndür ürəklərdə alovlanan firağı-
Gəl ki,duyulmaz oldu İslamın səs-sorağı.
Unutduq zəfərlərə götürən dəyərləri,
Tarix yetirməz oldu əski cahangirləri,
Düşmən tarımar etdi ocaqları,pirləri,
Qarabağsız,Qüdssüz yetim islam torpağı-
Gəl ki,duyulmaz oldu İslamın səs-sorağı.
Hər kəs məna axtarır bu mənasız dünyada,
Ya saxta bir axında , bir cərəyanda ya da,
İnsanlığın ürəyi fəth olunmamış ada,
Gəl sancılsın qəlblərə Rəbbin yaşıl bayrağı-
Gəl ki,duyulmaz oldu İslamın səs-sorağı.