‘Qəzəl’ Yazı Arşivi
Qəzəl

Ey könül, etmə qəmini ta bu məhbubələrin,
Yoxmu dünyada sənin özgə qəmin, dərdi-sərin.
Ibrət et Yusifi Kənana olan riyadan,
Xabi-qəflətdən ayıl, bir də xəyal eylə dərin.
O qədər zülfi-pərişanı görüb mat qalma,
Xəyalın göydə uçurkən qırılar balu-pərin.
Sınayıb çoxları aşiq kimi sevda yolunu,
Görməyib əhdə vəfasını bu məşuqələrin.
Çox giley eyləməyin bil, sənə nöqsan yazılar,
Sözlərin bal kimi varkən acı salma yerini.
Bir göyərçin kimi əldən uçurub gəncliyini,
Gəl, Ziyəddin, ələ al bir də şeir dəftərini.
Müəllif: Ziyəddin Səlim
Qəzəl
Meysiz, məzəsiz can ilə canan ola bilməz!
Sevda dediyin hər kəsə meydan ola bilməz!
Arifləri dindir ki, nədir şer ilə sənət?
Şair yaranan ömrə peşiman ola bilməz!
Könlüm evi bir gülşənə bənzər ki, əzizim,
Min badi – xəzan əssə də viran ola bilməz!
Qəlbin, ürəyin odlarına yanmasa bir söz
Dillərdə, ağızlarda o dastan ola bilməz!
Girdim günəşin qoynuna, minbir səhərim var,
Bülbül də mənim, gül də , zimistan ola bilməz.
Yüksəl, fəqət insanlığa pis gözlə baxanlar
Dünyada bir ad qoysa da, insan ola bilməz!
Xoşbəxt elimin, yurdumun öz Vurğunuyam mən,
Bundan da gözəl bir daha dövran ola bilməz!
Müəllif: Səməd vurğun
Qəzəl
Ataraq könlümü od-atəşə, getmə,
Qıyma xoş günlərə. o keçmişə, getmə.
Düşərəm səhraya Məcnun kimi, vallah
Mənə ev, mənzil olar dağ-meşə, getmə.
Çəkilib qeyb olar, ağlım gedər əldən,
Dönərəm mən dəli bir dərvışə, getmə.
Sevirəm mən səni, ey gül, mənə rəhm et
Qulaq as yalvarışa, xahişə, getmə.
Bilmədən səhv elədim, xətrinə dəydim,
Razıyam, çək ətimi sən şişə, getmə.
Yuxu girmir gözümə gör neçə gündür,
Az qalıb beynimi dərd-qəm deşə, getmə.
Əlinin dərdini ellər bilir əzbər,
Düşmüşəm yamanca dildən-dişə, getmə.
Müəllif:Əli İbrahimov
