‘gəl’ Yazı Arşivi
Qəzəl

Ey könül, etmə qəmini ta bu məhbubələrin,
Yoxmu dünyada sənin özgə qəmin, dərdi-sərin.
Ibrət et Yusifi Kənana olan riyadan,
Xabi-qəflətdən ayıl, bir də xəyal eylə dərin.
O qədər zülfi-pərişanı görüb mat qalma,
Xəyalın göydə uçurkən qırılar balu-pərin.
Sınayıb çoxları aşiq kimi sevda yolunu,
Görməyib əhdə vəfasını bu məşuqələrin.
Çox giley eyləməyin bil, sənə nöqsan yazılar,
Sözlərin bal kimi varkən acı salma yerini.
Bir göyərçin kimi əldən uçurub gəncliyini,
Gəl, Ziyəddin, ələ al bir də şeir dəftərini.
Müəllif: Ziyəddin Səlim
Qayıt, gəl!
Hz.Məhəmmədə(s.a.v)
Günəş yummuş gözünü buludlar göz qapağı,
Gəl dünyanı aydınlat aləmlərin çırağı,
Ey günahkar qulların ümidi,son durağı
Gəl ki,duyulmaz oldu İslamın səs-sorağı.
İndi dünya qaranlıq ruhların dünyasıdır,
O “canlı meyit”lərin dəfn yeri,yasıdır,
Bu dünyanın mənası o dünya sevdasıdır.
Sən də hər fani kimi bu dünyanın qonağı-
Gəl ki,duyulmaz oldu İslamın səs-soraği.
Bəyanınla haramı,halalı fərq eylədik,
Biz sənin həyatınla Quranı dərk eylədik,
Sənsizlik aləmində aləmi tərk eylədik,
Gəl söndür ürəklərdə alovlanan firağı-
Gəl ki,duyulmaz oldu İslamın səs-sorağı.
Unutduq zəfərlərə götürən dəyərləri,
Tarix yetirməz oldu əski cahangirləri,
Düşmən tarımar etdi ocaqları,pirləri,
Qarabağsız,Qüdssüz yetim islam torpağı-
Gəl ki,duyulmaz oldu İslamın səs-sorağı.
Hər kəs məna axtarır bu mənasız dünyada,
Ya saxta bir axında , bir cərəyanda ya da,
İnsanlığın ürəyi fəth olunmamış ada,
Gəl sancılsın qəlblərə Rəbbin yaşıl bayrağı-
Gəl ki,duyulmaz oldu İslamın səs-sorağı.