‘elnarə şəms’ Yazı Arşivi

PostHeaderIcon Söz

Hər kəsin əlinə bir fürsət düşüb
söz demək fürsəti
Hamı danışır.
Məsləhət verən var,
ağıl verən var.
Misallar gətirib nağıl deyən var.
Sözdən ilham alıb qanad açan var,
“üsyan et” söyləyib, vaxt yetişəndə
sözündən gizlənib qaçan adam var.

Hamı danışır….
Mən də danışıram
məndə də söz var.
Amma bu sözləri görməyə məndə
görən gözlərim var,
bir də ki,
ürəyim…

Çətin günlərimdə
dar günlərimdə,
ürəyim hər zaman gərəyim olur.
Yıxıldığım zaman əl uzadanda,
əlimi tutmağa əl olmayanda
ürəyim birinci dirəyim olur.
Bu dördcə metrlik dar otağımda,
Bəzən ac qalanda, susuz qalanda
həm duzum, həm də ki, çörəyim olur..

Mən də danışıram
arabir az-az
o da ki, anamla…..
Yaxşı ki, anamın əllərinədə
hərdən fürsət düşür:
“döz”demək fürsəti:
“Döz, səbir et, bala…”

Müəllif: Elnarə Şəms

PostHeaderIcon Yarımçıq Vətən

Vətən adlı Vətənim paralandı,
Soyadı tək adları aralandı.
Ürəyindən vətən tən yaralandı,
Yarımçıq Vətənlə hara gedim mən?!

Bir üzüm torpaqdır, bir üzüm daşdır,
Vətəndən yadigar gözümdə yaşdır.
Dərd yüküm sərhəddə başımdan aşdı,
Yarımçıq sitəmlə hara gedim mən?!

Elə bil dünyalar yerini çaşıb,
Küfrlə, imanım yaman dolaşıb.
Başım neçə ölüm yaşını aşıb,
Yarımçıq kəfənlə hara gedim mən?!

Yarımçıq dolaşan yarıma heyif,
Nəfəssiz əriyən qarıma heyif,
Min yol geyindiyim arıma heyif,
Yarımcan bədənlə hara gedim mən?!

Vətəndə, vətənsiz yaşayan oldum,
Yerimdə oturub yol aşan oldum,
Özümlə, hamıyla dalaşan oldum ,
Yarımçıq Vətənlə mən hara gedim.
Yarımçıq Vətənlə hara gedim mən.

Müəllif: Elnarə Şəms

PostHeaderIcon Biri var, biri yox

Biri var, biri yox, hər ikisinə,
Nəmli baxışlarla baxıram bu gün.
Yarı ac, yarı tox, hər ikisində,
Dişə saman çöpü taxıram bu gün.

Nə olsun gülürəm, güldüyüm zaman,
Güldüyüm şeylərə gülməyim gəlir.
Hər nəsə örgənib, bildiyim zaman,
Bildiyim şeylərdən ölməyim gəlir.

Boz bulud tər kimi çöküb alnıma,
Əl atıb silməyə taqətim qoca.
Bu fələk bir ağac əkib alnıma,
Onun da kölgəsi kölgəmdən qoca.

Ömür halqalanmış qoca bir çinar,
Əl açıb biz ondan can diləyirik.
Assaz özümüzü göydən göy sınar,
Biz qoca çinarın göy dələniyik.

Dünya, sən həm varsan, həm də yox kimi,
Səni danmaq yasaq,danmamaq yasaq.
Sən Allah gözümə girmə ox kimi,
İmkan ver, heç yoxsa bir şeir yazaq…

Müəllif: Elnarə Şəms

Ara