‘Dəniz’ Yazı Arşivi
Ehtiras dənizi
Sən və mən və qumlu sahil sadəcə
Sahil soyuq, dəniz isinir necə
Məhəbbət ocağı yanır bu gecə
Üstündə ehtiras, coşğu dəmlənir.
Qonaqdı dalğalar hey gəlib-gedən
Qulaqda misralar yarımçıq nədən?
Sevişdikcə tərlə islanır bədən
Öpüldükcə dodaqlarım nəmlənir.
Sevgi bağçasına düşdü toxumlar
Coşduqca ehtiras, əridi mumlar.
Necə ki sevişir sularla qumlar
Eləcə bu iki vücud cəmlənir.
Müəllif: Şahin Cəfərli
Dəniz
Dəniz gözlərində nitqim boğulub,
Mən nə yaziım başdan-başa tərifsən.
Zərif sözü sənlə birgə doğulub,
Sənsə zərif sözündən də zərifsən.
Sən gülməsən bəşəriyyət gülməz ki,
Dünyanın ən nadir xəzinəsisən.
İnsan bu cür gözəl ola bilməz ki,
Sən mələk cinsinin nümunəsisən.
Bunlar həqiqətdir, fantaziya deyil.
Uzun tellərindən yazmiram hələ.
Ölsəm inanmaram keçsə milyon il,
Bir də sən kimisi dünyaya gələ.
Müəllif: İsmayıl Miri