‘Cib’ Yazı Arşivi
Cib
Təzə-təzə yeriyirdim,
cib tikdilər paltarıma,
şirin-şirin konfet yığdım
ciblərimə.
Cibli paltar xoşuma gəldi.
Böyüdükcə ayrı-ayrı şeylər
yığmağa başladılar
konfetlərin yerinə.
Özüm kimi ciblərim də yekəlirdi,
özüm də şişirdim,
ciblərim də şişirdi, dikəlirdi.
Bir kabinet tapşırdılar
bir gün mənə, bir kreslo.
Dünya vecimə deyildi əsla.
Cib qoydurdum
kresloya,
kabinetə,
qarşımdakı masaya da.
Peyğəmbərim ciblər idi.
Inanmazdım İsaya da,
Musaya da.
Cibdən başqa
mən hər şeyi unutmuşdum.
Ciblər mənə arxa idi,
dayaq idi,
zor, güc idi.
Bir gün mənə
cibsiz paltar geyindirdi
biçib ağı
molla Bakir cüvəllağı.
Geri dönmək istəyirdim,
çox gec idi…
Müəllif:Ziyəddin Səlim
Cib şəhəri
Bu şəhərdə adamlar
Bir-birinin cibində.
Yatır dostlar, qohumlar
Ciblərinin dibində
Ciblər gəlir üz-üzə,
Ciblər adam daşıyır.
Bu şəhərdə adamlar,
Ciblərində yaşıyır.
Əl çıxarıb cibindən,
Salam alan kim idi?
Kimə salam verəsən
Salam xəzəl kimidi.
Bu şəhərin adı var-
Bu şəhər cib şəhəri.
Qaranlığı cib salar,
Ciblər açar səhəri.
Müəllif: Vüsal Nuru