‘bu sevda’ Yazı Arşivi
Ürəyim bu sevda oduna yandı
Görüşdük, danışdıq, bu mənim bəsim,
Bu hansı qismətdi, hansı zamandı.
Qəlbimi oxşadı isti nəfəsin,
Ürəyim bu sevda oduna yandı.
Baxıram üzünə payız buludu,
Ürəyim səngiməz qəm dolu dərya.
Baxışın köksümdə qalayıb odu,
Çox çətin bu dərdi anlamaz duya.
Ötməyib aradan neçə həftə, il
Bu qədər yanıram həsrət qəminə.
Danışsam dil-dodaq günahkar deyil,
Qorxuram alışan ürəyim dinə.
Açılan dərd deyil söyləyəm, deyəm,
Sübhədək ahlarım ahıma dayaq.
Mən sənin yanında belə qəmliyəm,
Gəl mənim yanımda olmayanda bax.
Gözümdə yurd salıb dağların çəni,
Milyonlar içində tənhayam, təkəm.
Hissimi, ruhumu, oynadıb məni,
Bəs nədir hey sənin yanına çəkən?!
Yağışa həsrətdir alışan çəmən,
Şaxtadan donacaq səpələnsə qar.
Anlaya bilmirəm, bilmirəm ki, mən
Sevdirən günahkar, sevən günahkar.
Gizlətmə həsrətli gözünü məndən
Gözlərin gözümə yovuşdu, bəlkə.
Nə vaxtdır qəminlə olmuşam həmdəm,
Hardasa yolumuz qovuşdu, bəlkə.
Müəllif: Sərdar zeynal
E mail:serdar-zeynal@box.az