‘bəxtiyar hidayət’ Yazı Arşivi
Əmmamə
Canavar öz ərazisini manşırlayır
Adamlar öz yerini çəpərləyir
Dövlətlər sərhədləri bərkidir,
-olmazı da bölürlər, oları da bölürlər
Səmanı da bölürlər, suları da bölürlər
Anam,sən də mənə deyirsən ki
-darıxma Haqq tapar öz yerini
Haqqa yermi qalıb ki
Anam, haqdan danışma
Və nə də mənə asi demə
Yox-yox mən asi deyiləm-haşa
Dərd məni mömin eləyib
-gəzdiyim başı əmmaməli dostdu
-yəni başı xamırlı şüşə
Müəllif: Bəxtiyar Hidayət
Binokl
İlim-ilim, iqlim-iqlim
-itib getmək istəyirəm Vətəndən
Doymasam da çöllərindən, düzündən
-ilan kükürddən qaçan kimi
-qaçmaq istəyirəm adamlarının gözündən
Hər şeyin öz yeri var qardaş
-burda heç nə yerində deyil,
Burda mənim kimiləri yaşamaq zorunda deyil
Burda adamlar qaynaqçılardı
-dərdi Vətənə qaynaq edirlər
Yaxından baxıram göz xarab olur
Ac qarına bağrım kabab olur
Burda yaxşılıq sağ əlindən gələnlər
-hamsı solaxaydılar
Burda tutmağa quyruq var sükan yoxdu
Vətəni uzaqlardan görmək istəyirəm
-uzaqlara getməyə imkan yoxdu
Barı bir binokl verin mənə
əks tərəfindən baxım Vətənə
Müəllif: Bəxtiyar Hidayət
Nə yaxşı tanıdın
Məndə o sevgidən nişanmı qalıb
Baxma yanağına nəm düşə bilər
Bəlkə düşündün ki, belə bir günə
Bəxtiyardan başqa kim düşə bilər
Tutubdu kiminsə qarğışı məni
Nə yaxşı tanıdın nə yaxşı məni
Göz çuxura düşüb ordum batıbdı
Elə bil döyüşdə ordum batıbdı
Üzümü –gözümü saqqal basıbdı
Məni bu görkəmdə tanıyan hanı
Nə yaxşı tanıdın nə yaxşı məni
Sayılan olmadım olmuşam sayıl
Məni adamlar yox fələklər sayır
O gün tanımayıb keçdi Əzrayıl
Hələ də axtarır baxışı məni
Nə yaxşı tanıdın nə yaxşı məni
Yeri, dəniz kimi çağlaya billəm
Yolun ortasında ağlaya billəm
Daha arxayınam baş daşım üçün
İndiki şəklimi saxlaya billəm
Qoy gedim axtarım şəkilçəkəni
Nə yaxşı tanıdın nə yaxşı məni
Müəllif: Bəxtiyar Hidayət
Domino
Eh yazıq kişilər, bu gedişnən hara gedirsiniz
Arvadı yüz gündə bir dəfə bazara göndərəmmirsiniz
Boşluqdan domino oynayırsınız
Bir gündə yüz dəfə bazara gedirsiniz
Düşməni üzdən tanımırsınız
Domino daşlarını tərs üzündən tanıyırsınız
Sizi bu günə salanı yox
“naparnik”inizi qınayırsınız
Düşmənin ölüsünə yaxın gedəmmirsınız
Qoşaları diri tutursunuz
Domino oyunu sizinçün hüquqhəyati peşəyə dönüb
Amma bilmirsiniz ki
Neçələri domino oynaya- oynaya
əldə ölən altıqoşaya dönüb
…eviniz yıxılıbdı bilirsinizmi
Uşağın domino daşlarından düzəltdiyi
-evin yıxıldığı kimi
Müəllif: Bəxtiyar Hidayət
Təcnislər
Yara tək Qarabağ yarası deyil,
Çəkir ondan betər işgəncə Gəncə.
Nə bir iş tapılar, nə bir boş vədə,
Tapılar min cürə işgəncə gəncə.
Yüz geyin qızılnan bürünc əyinə,
Yurdun qannan başqa bürüncəyi nə?
Babalar bürünsün bürüncəyinə,
Qalıb yerdə qalan iş gəncə, gəncə.
Bəxtiyar, düzəltməz tək idim heç nə,
Bir az deyinirdim, tək idim heç nə.
Vermədi Qazaxda təkidim heç nə
Bəlkə səndə ola iş Gəncə, gəncə.
***
Yarın sinəsində iki gül açmış,
Ləl gülə qarışib, gül lələ, dünya.
Görməyib böyründən keçib gedəcəm,
Yoluma ləl çıxsa, gül lələ, dünya.
Göyərçin günləri uçurum dedim,
Çıxmaz axırıma uçurum dedim.
Mən ki Ərzuruma uçurum dedim
Mən kimi Kərəmə gül, Lələ dünya
Haq-divan Kar qaya- gəlir öz ünün,
Olmur qazananın, gəlir özünün.
Özünə hayıfı gəlir özünün,
Özü Bəxtiyarı güllələ, dünya.
***
Ömür bağçasında ömür çürütdüm,
Meyvəsin səksənə-səksənə dərdim.
Bəla da gələndə qəfildən gəlir,
Üzülmüş heç demir səksənə dərdim.
Kor tale kor atdı- sürək bu qayda,
Ovçusan aparma sürək bu qayda.
Necə bu ömürü sürək bu qayda
Heç yüzdən enmədi səksənə dərdim.
Dərk etmir dərdləri kəlləm, ay Allah
Qəlbim illər dözər, kəlləm ay, Allah.
Dərd məni aşırdı kəlləmayallaq
Önümdə nazlanıb səksə nə dərdim.
Yarı xoca desin, yarı şagirdi,
Tutmaz hər ustadı yarı, şagirdi.
Zillət Bəxtiyarnan yarışa girdi-
Yolumdan sapınıb səksə nə dərdim
***
Bağrım tikan-tikan, tellərin ilan
İlan qorxub gəlməz kirpiyə sarı.
Həsrət üz-gözümü elə saraldıb
Bir o qalıb düşə kirpiyə sarı.
Oxusa ürəyim xanıma fənndi,
Qul gələ bilərmi xanıma fəndi?
Mən sənə baxanda, xanım əfəndi
Kirpiyim tərpənməz kirpiyə sarı
Dərdmi istəyirsən, apar, var digər
Bu dərd ha üyünsün, a pər, var digər
Sənə qurban olum, a Pərvərdigar,
İlan tamahlari kirpiyə sarı
Müəllif: Bəxtiyar Hidayət