‘Azeri Şiirleri’ Yazı Arşivi
Bəyaz kəpənək tək azad olsaydım

Bəyaz kəpənək tək azad olsaydım
çiçəklərə toxunub gül qoxusunu daşısaydım qanadlarımda,
şeh düşmüş çiçəyə-gülə salam aparıb,
dünyama yeni çalarlar qatsaydım,
Bir kəpənək tək azad olub günəşə doğru uçsaydım…
Kəpənək olsaydım ürəyində
kainatın hər rəngini,
dənizlərin səsini,
daşısaydım qəlbinə
Ümid çiçəklərinin qoxusunu gətirsəydim,
toxuna bilsəydim düşüncələrinə,
Məni düşündüyünü bilsəydim….
Bir də ovuclarına qonub sənin nəbzini duysaydım,
Çiçək tozlu qanadlarım nazik ve zərif,
qanadımla izimi qoysaydım dodaqlarına
bir kəpənəyin ömrünün nə qədər qısa olduğunu bilsəydin
bəlkə ..
Elə o qədər sevərdin məni,
Kəpənək tək azad olsaydım,
Bir körpənin sevinərək ardımdan qaçısını,
Məni gözləyən bir çiçəyin hər zaman var olacağını,
Düşünərək qanadlansaydım yaz fəslində
duyğulansaydım, cənnətimlə….
Müəllif: Nigar Duygu
Çəkirik / Habil Yaşar
Bu dünyada kim nə bilir,kim nə çəkir,
Bilinməzi kimsə bilməz,kimsə çəkir,
Mən çəkirəm,sən çəkirsən,o da çəkir,
Çəkiləsi sevinc deyil,dərd çəkirik.
Bu dünyada insanlığın üzü qara,
Beş sözünün ikisi ağ,üçü qara,
Öz rəngindən utanıbdı özü qara,
Bəyazı da qaralayıb,xətt çəkirik.
Bu dünyada kim deyir ki,azdı yanan,
Yüz illərdi Kərəm üçüm sazdı yanan,
Doğulandan ölənədək sızıldayan,
Könüllərin gülüşünə sədd çəkirik.
Müəllif: Habil Yaşar / 08.09.2009
Qəzəl

Ey könül, etmə qəmini ta bu məhbubələrin,
Yoxmu dünyada sənin özgə qəmin, dərdi-sərin.
Ibrət et Yusifi Kənana olan riyadan,
Xabi-qəflətdən ayıl, bir də xəyal eylə dərin.
O qədər zülfi-pərişanı görüb mat qalma,
Xəyalın göydə uçurkən qırılar balu-pərin.
Sınayıb çoxları aşiq kimi sevda yolunu,
Görməyib əhdə vəfasını bu məşuqələrin.
Çox giley eyləməyin bil, sənə nöqsan yazılar,
Sözlərin bal kimi varkən acı salma yerini.
Bir göyərçin kimi əldən uçurub gəncliyini,
Gəl, Ziyəddin, ələ al bir də şeir dəftərini.
Müəllif: Ziyəddin Səlim
Sevənlərdən sevilənlərə

Mən sənin qəlbinin dərinliyində
Yatan bir duyğuyam, oyanacağam.
Dünyanın ən mərhəm, isti rənginə
Məhəbbət rənginə boyanacağam.
***
Sən mənim bir ümid çırağım idin,
İstəyim, həvəsim, marağım idin.
Ən xoş sədam idin, sorağım idin,
Indi bir gümana dayanacağam.
***
Sevən seviləndən gərək yarına.
Yar deyən yarından gərək barına.
Tufanlar qoparan ədalarına
Palıd vüqarıyla dayanacağam.
Müəllif: Ziyəddin Səlim
Gülə sər

(təcnis)
Niyyət xoşsa lap qocal da, qarı da.
Xoş gələcək sənə qız da, qarı da.
Yaz nəfəsi yox eyləyər qarı da,
Yel vuranda çiçək gülər, gül əsər.
***
Gözəllərin atəşinə yan asan,
Sevirsənsə zülmü özgə yana san,
Eşq oduna gərək elə yanasan,
Nurlana göz, sevinə qəlb, gülə sər.
***
Bar payızın, qar qışın, gün yayındı,
Demə könlüm bu sevdadan yayındı.
Öz eşqini car çək elə, yay indi,
Sevdiyin qız Güləsərdir, Güləsər.
***
Bir qaydadır, gərək bərkə düz düşə,
Dağ eşqinə aran düşə, düz düşə.
Gül dibində elə dur ki, düz düşə,
Kökə ayaq, budağa can, gülə sər.
***
Yaz oldumu, çiçək şəfəq, budaq dan,
Duman qalxar o dərədən, bu dağdan,
Nur seli tək seh çilənər budaqdan,
Gül üzünü gülabla yu, gülə sər.
***
Umulacaq nəyin varsa yar uma,
Ara vuran, səni görüm yarıma.
Bir dəstə gül göndərsəm də yarıma,
Insafsıza eyləmədi gül əsər.
***
El ağ olmaz el içində üz ağa,
Qəvvassansa qaradan dön üz ağa,
Ay Ziyəddin, çox da getmə uzağa,
Gül həvəsli ol ki, yarat gül əsər.
Müəllif: Ziyəddin Səlim