‘Arzu’ Yazı Arşivi
Boylanır
Yönümü işığa tutub gedirəm,
Gecənin içindən səhər boylanır.
Arzum bir ağacdır qollu-budaqlı,
Bol-bol çiçək açır, bəhər boylanır.
***
Yox yerdən cah-cəlal qurmuşam, nədir?
Kədərin boynunu vurmuşam, nədir?
Xəzinə üstündə durmuşam, nədir?
Ləli şəfəq saçır, gövhər boylanır.
***
Tanrım yaş qoyduqca yaşımın üstə
Bir daşım qalmadı daşımın üstə.
Qoyub əllərini qaşının üstə
Gözümdən qəm baxır, qəhər boylanır.
***
Dünyanın qəribə işləri çoxdur,
Kimə naz-balışdır, kimə də oxdur.
Insan bu mənanı necə oxudu,
Pətəyə bal qoyub, zəhər boylanır.
***
Xəyallar ovçutək pusur bərəni,
Ağlamaq bu yerdə tutur Kərəmi.
Xırman yabıları alıb dövrəmi.
İçimdən bir dəli kəhər boylanır.
***
Qabar əllərini ha döy dizinə,
Kasıb, gözəllərin dəyməz gözümə.
Bir rəis qızının idbar üzünə
Neçə kənd, neçə də şəhər boylanır.
Müəllif: Ziyəddin Səlim
Arzu ölümdən yaxın

(Arzusuna çatmayanda ölümə tələsənlərə)
Üstünə gəlirmi qəhər qoşunu?!
Fikirlər yorumu yorğun başını?!
Biryolluq tullayıb sevgi daşını
Hara gedirsen?!
Payızım qış gəlib, yetişməz qoram,
Kədərdən varlıyam, qismətdən koram,
Sözümün quluyam, sanma nankoram,
Hara gedirsən?!
Hər sözün yozulan yüz mənası var,
Minlərlə arının bir anası var,
Nə olsun onlarla su sonası var?
Hara gedirsən?!
Hərləyib, fırlayıb ötən günləri,
Yan-yana düzürsən xatirələri,
Müqəddəs olmusan nə vaxtdan bəri,
Hara gedirsən?!
Onsuz da sönəcək yanan ocaqlar,
Sazağa dönəcək isti qucaqlar,
Umulan hər şeyi unudacaqlar,
Hara gedirsən?!
Düşmənmi olmusan bu ənginliyə
Sevilən torpağa, sevdirən göyə,
Bu qəfil sevdadan bezmisən niyə?
Hara gedirsən?!
Su minnət götürməz, qismət qadağa
Arzu var bənzəyir keçilməz dağa,
Ömrümü vədəsiz verib sadağa
Hara gedirsən?!
Dənizə üz tutsan, su itirəcək,
Ocağa üz tutsan, od götürəcək.
Gedişin qəlbimdə qəm bitirəcək
Hara gedirsən?!
Bir sirli qalayam, ot basmış yolam,
Hələ ki dilimə dəyməyib yalan,
İnanma tablaşıb mən sənsiz qalam?!
Hara gedirsən…???
03.10.1993
Müəllif: Sərdar Zeynal
E mail:serdar-zeynal@box.az
23 Yaşın Səssizliyində “O”-Nunla Bağlı Arzularımı Zəncirlədim

Daha bir günüm “belə” keçdi………Sakitcə gün əlimdən tutub, məni 23 yaşın səssizliyinə doğru aparır. Gülməlidir, gah sevinirəm, gah da bu mənə əzab verir. Sevinirəm ona görə ki, gələcək haqqında bilmək və görmək istəklərim çox böyükdür. Kədərləndiyimi özüm hələ də dəqiq başa düşə bilməmişəm. Bir dostum dedi ki, insan 23 yaşda daha çox səssizliyə qapılır. O vaxt bu söz mənim üçün gülməli görsənsə də 23 yaşımın astanasında sözü gedən səssizliyi hiss etdim. Bəlkə xarakter olaraq daha tez münasibət quran, insanlarla asan ünsiyyət yarada bilən, təkliyi və səssizliyi sevməyən bir insan olduğum üçün o zaman o sözlər mənə gülməli gəlmişdi. Amma indi 23 yaşım olduğunu düşünəndə qəribə bir ağırlıq çökdü üstümə. Gözümdən axmayan yaşlar ürəyimə axmağa başladı……..EHH!!!! Hər yaşın öz arzusu var………22 yaşımdan qalaqlanıb qalan arzularım 23 yaşın səssiz bir yaz gecəsində də məni rahat buraxmadı. Gecənin hökmünün nə qədər böyük olduğunu 23 yaşımda, səssiz, dörd tərəfim sükutla əhatə olunmuş bir yaz gecəsində başa düşdüm.
Arzularım çoxdur, amma heyif ki, bu dünyada sərhədlər var. Həm də “O”- nunla bağlı arzularımı 23 yaşımda zəncirlədim……..Yata bilmədim………Yatmaq mümkün deyildi. Düşüncələr, arzular, istəklər, bir də ki, xatirələr………..rahat buraxmadı ki, buraxmadı. Gecə ilə 23 yaşın səssizliyinin bu mübarizəsində mən və özümlə baş-başa qaldım…….Sabahadək bu yorğunluğu çıxarmaq üçün çarpayıda o yana, bu yana fırlandım, amma, havayı……….. Bəzən, saatı götürüb bu divardan o divara çırpağım gəlir………Ağlıma gələn ilk fikir yuxumu yaz küçəsində qovmaq oldu……… Sonra havanın, təbiətin səsi gəldi qulağıma…….Yuxu yoxdur. Səssizlik, bir az yorğunluq, bir az nələrəsə qırıqlıq, bir az da sönüklük. Səhər də ki, gözlərdə və üz cizgilərində bu yorğunluq, qırıqlıq və sönüklüyün abu-havası………….indi özünüz təsəvvür edin………..
20 aprel ad- günümdür! Əvvəllər hay-küylü ad-günü keçirməyi çox sevərdim……..Hətta bəzən bunu etmədiyi üçün valideyinlərimdən günlərlə küsülü qalardım………Amma 23 yaşımda belə deyiləm…….nədənsə………İndi daha çox sahildə dənizin dalğalarının laylasını dinləmək istəyirəm……..Dinləyərəm dəniz dalğalarının laylasına həsrət kimi…….. Saatlarla dinləyərəm o laylaya möhtac kimi…………Bəlkə də bir neçə saatlar, bir gecə belə yetməz həsrətində olduğum səsləri dinləməyə……Bəlkə də o laylaya da yatmaram heç……….Fikirləşirəm…….fikirləşdiyim bir şey var……….belə davam etməməlidir.
Qarşıdan gələn “Ad- günün” mübarək! Aynurə, arzum bu gün arzuladığın bütün arzuların gerçək olmasıdır. Bəlkə yanında deyiləm, amma bilki qəlbinin ən dərin yerində bu gününü qeyd edirəm.(Bu mənim özümə müraciətimdir.) Amma bir şərtim var, sən də həmişə mənimlə ol…..!!!! Bir az şans, bir az sevgi, bir az səbr və bir parça zaman arzu edirəm. Bağışla, deyəsən səni bu əzablarla baş-başa, tək qoymalı olacağam.