Ölüm (əcəl zəngi)
Ölüm… hər bir şeyin süquta uğrayacağı bir proses, fanilikdən əbədiliyə qovuşmanın başlanğıç nöqtəsi. O nöqtə ki, hər bir canlının taleyinə yazılan və pozulması qeyri-mümkün olan bir nöqtə. Yaradılmışların hər biri elə yarandığı dövrdən etibarən ona doğru gedir, yolun o biri tərəfində ölüm gözləyir hər kəsi. Ondan qurtulmaq mümkün olmadığı kimi, onun haqqında düşünməmək belə mümkün deyildir. Elə bir canlı, hər hansı bir fərd tapa bilməzsən ki, ölümün varlığını bilə-bilə onun haqqında bir anlıq belə fikirləşməsin, düşünməsin “ölüm” adlı bir sonluğun mövcudluğunu.
Axı necə, necə ola bilir ki, insan oğlu bu qara qüvvənin varlığını dərk edə-edə ona biganə qalır, onu bir ömür boyu iztiraba döndərib özünə əzab vermir, istər az, istər çox, istər kədərli, istər sevincli yaşamaq istəyir, ancaq yaşamaq. Əcəl qapımızı döydüyü zaman insan üçün bir saniyə belə yüz illər qədər qiymətli və heç bir ölçüyə gəlməyəcək qədər şirin və əlçatmazdır. Nədəndir bu təzadın sirri görəsən, nədəndir ölümün bizə hər an, hər saniyə yaxınlaşdığını duya-duya, yaşamaq, yaratmaq, bir sözlə bizə verilən bu ömür payının heç bitməsini istəməyərək yaşamaq marağı, yaşamaq arzusu?
Bir dəfə gəlir dünyaya insan və bu gün bir daha heç bir zaman təkrarlanmayacaq. Əvəzedilməzdir bu gün. Ondan başqa hər şey təkrarlanacaq. Ad günləri, bayramlar, işləmək, xülasə, eyni sevinc, eyni kədərlər. Ancaq bir şey təkrarlanmayacaq, yalnız bir şey… doğum günü. Bu gün həyat yolunda bizə verilən ən böyük, ən şirin ərmağandır. Acısı, qəmi olmağına rəğmən, kim doyub ki ondan. Bu gözəllikdən danışılan zaman bir məfhumun xəyala gətirilib, göz önündə azacıq canlanması belə yaradılışın qəlbini titrədir, onun cismini qan-tərə qərq edir, həyəcanlandırır.
Bu məfhum ölümdür. Ölümdən öncə əcəl döyür qapımızı, əcəl zənginin sədası gəlir qulaqlarımıza. O, bizlərdən, özümüzdən asılı olmayaraq, elə zamanda yaxamızdan tuta bilər ki, nə bilim, ən sevimli çağımızda sevincimizi burnumuzdan gətirər, bizi bədbəxtliyə düçar edə bilər. Ruhumuzun dərinliklərinə işləyib ümidimizi sındıra bilər. Əcəl…qaçılması mümkün olmayan yeganə məfhum. İstər şərqdə ol, istər qərbdə, istər yerdə ol, istər marsda, haqlayacaq o səni, mütləq haqlayacaq və haqladığı zaman sənin yaşamına son qoyacaq, bu son sənin ölümün olacaq. O ölüm ki,sən onu fikirləşirdin, qorxurdun ondan.
Ancaq haqladı səni, yaxaladı. Sənə verilən ömür payı qırıldı. Bu günün sabahı gəlməyəcək, kölgən belə səni izləməyəcək bir daha, sənə hamıdan daha yaxın olan, sənin yaşama mexanizmin olan ürək belə səndən əl çəkəcək, döyməyəcək bir daha və sən olmamış kimi olacaqsan. Bunu da dərd etməyə dəyməz ki, bu yoxluq sənə acı verməyəcək. Çünki sən bir heç olacaqsan, yer üzündə ən xırda molekullar, ionlar olacaq, ancaq bir sən, yalnız sən olmayacaqsan. Bax budur ölüm, bax budur əcəl!
Elə budur insanı yandıran, qəmləndirən. Bunu öz-özündə həzm edə bilmir insan, danışmaq istəmir bu barədə. Nədənsə paxıllığı tutur yaradılışın bu cür məhv olmasına. Düşünündə ki, ölümündən, bəli,məhz sənin ölümündən sonra həyat davam edəcək, günəş hər səhər yer üzünü salamlayacaq, ulduzlar parlaqlığı ilə sayrışacaq, dənizlərdə dalğalar coşub-çağlayacaq, quşlar ötəcək, bir sözlə təbiət öz əlvanlığı ilə insanları, ümumiyyətlə bütün canlıları məftun edəcək, necə qısqanmayasan bu gözəlliyi? Bax budur insanın acizliyini göstərən! Bunun sübutu isə ölümdür.
Ancaq yenə təkrar edirəm, ölümün var olmasını anlaya-anlaya yaşamaq istəyirik və yaşaya-yaşaya da hər an ona doğru getdiyimizi anlayırıq. Belə isə sual doğur. Nədən yaşayırıq? Nədən bu həqiqəti dərk edə-edə yaşamaq istəyirik? Çünki yaşamaq arzusu, ölümə olan nifrət nisbətində daha böyükdür, daha qüvvətlidir. Belə isə yaşasın yaşamaq arzusu ilə yaşayanların varlığı!
Müəllif: Habil Yaşar 2008
Bəyaz kəpənək tək azad olsaydım

Bəyaz kəpənək tək azad olsaydım
çiçəklərə toxunub gül qoxusunu daşısaydım qanadlarımda,
şeh düşmüş çiçəyə-gülə salam aparıb,
dünyama yeni çalarlar qatsaydım,
Bir kəpənək tək azad olub günəşə doğru uçsaydım…
Kəpənək olsaydım ürəyində
kainatın hər rəngini,
dənizlərin səsini,
daşısaydım qəlbinə
Ümid çiçəklərinin qoxusunu gətirsəydim,
toxuna bilsəydim düşüncələrinə,
Məni düşündüyünü bilsəydim….
Bir də ovuclarına qonub sənin nəbzini duysaydım,
Çiçək tozlu qanadlarım nazik ve zərif,
qanadımla izimi qoysaydım dodaqlarına
bir kəpənəyin ömrünün nə qədər qısa olduğunu bilsəydin
bəlkə ..
Elə o qədər sevərdin məni,
Kəpənək tək azad olsaydım,
Bir körpənin sevinərək ardımdan qaçısını,
Məni gözləyən bir çiçəyin hər zaman var olacağını,
Düşünərək qanadlansaydım yaz fəslində
duyğulansaydım, cənnətimlə….
Müəllif: Nigar Duygu
Sehirbaz
Aylar keçir,il dolanır,yeni nağıllar yaranır,bu nağılların içindən ən gözəlin seçərəm,sizə nağıl biçərəm.
Möcüzələr ölkəsində bir Sehirbaz yaşarmış.O,öz sehirləri ilə həm özünün,həm də ölkəsinin hər istəyini yerinə yetirirdi.Sehirbaz çubuğunu yellətməklə qurdu quzuya,dəvəni filə çeviri,hətta fikirləri də dəyişə bilirdi.Hər kəs ona həsəd aparır,onun kimi olmağı arzu edirdi.O özü də Möcüzələr ölkəsinin bütün sakinlərinə həsəd aparırdı,çünki ondan başqa hər kəsin ailəsi,dostları var idi.O,arzulayırdı ki,ailəsi olsun.Ancaq o nə qədər etsə də sehrinin köməyi ilə buna nail ola bilmir,özünü aciz hesab edirdi.
Bir gün Sehirbaz çəmənlikdə gəzirdi.O,çox kədərli və məyus görünürdü.Özünü çox bədbəxt,tənha hiss edirdi.Sehirbazın gözündən bir damla yaş “ağ çiçəyin”ləçəyinə düşür.Sehirbaz göz yaşlarını gizlətmək üçün əlləri ilə üzünü tutur.Üzünü açanda nə görsə yaxşıdı?!Sehirbaz gördü ki,damla gözəl bir qıza çevrilib.O,çox heyrətlənmişdi,həm də sevinirdi.
Sehirbaz Damlanı görən kimi ona vurulur.Damla bir göz qırpımında çəmənlikdən yox olur.Sehirbaz onunla danışmağa belə macal tapmır.O Damlanın hara yox olduğunu başa düşmürdü.Nə qədər sehr etsə də onu tapa bilmir,əzab çəkirdi.
Bir gecə Damla Sehirbazın yuxusuna girir.O,Sehirbaza deyir:Əgər mənim qayıtmağımı istəyirsənsə,ilk növbədə özünü mənə sevdirməlisən.Sehirbaz deyir:Səni görmədən bunu necə edəcəm?!Damla deyir:Bax,bunun yolunu sən özün tapmalısan.
Sehirbaz yuxudan oyanır.Özünü Damlaya sevdirmək üçün min cür sehr edir.Amma istəyinə nail ola bilmir.Sehirbaz düşünür ki,əgər həyatda onun üçün ən vacib olan bir şeyi sehr vasitəsi ilə əldə edə bilmirsə,sehirbazlıq onun nəyinə lazımdır?!Bu niyyətlə də o,sehirbazlığın daşını atıb,adi insanlar kimi yaşamağa başlayır.Bütün ölkəni gəzib,Damlanı axtarır.Amma tapa bilmir.Sehirbaz kor-peşman evinə qayıdır.O hər gün bağçada bir ağ çiçək əkir,bir gün Damlanın qayıdacağına inanır.Bir il keçir,bağçada milyonlarla ağ çiçəklər boy atır.Hər kəs Sehirbazın Damlaya olan məhəbbətindən,əkdiyi çiçəklərdən danışır.Damla Sehirbazın sevgisinə inanır və onun yanına getməyi qərarlaşdırır.Həm də o insanların ağızdolusu danışdığı bağçanı görməyə tələsirdi.
Damla qayıdır.Sehirbaz və Damla xoşbəxt ailə qurub.ömürboyu bir yerdə yaşayırlar.Sehirbaz artıq başa düşürdü ki,dünyanın ən böyük sehri sevgidi.O elə bir sehrdir ki,onun nə zaman gələcəyini bilmək olmur və o yeganə sehrdir ki,öz təsirini heç vaxt itirmir.
O gündən “Möcüzələr ölkəsində” bütün sevənlər bir-birinə ağ çiçəklər hədiyyə edir.Hər kəs bağçasında ağ çiçəklər əkirdi.
Müəllif: Əfsanə Laçın / 09.02.2010.
Unudmazsan
Unudmazsan,
onu düşünərsən,
Sözlərini, gözlərini,
İstiliyini hissedərsən, gözlərindən süzülən yaşlar sayəsində,
Gülümsədiyi gələr gözlərin önünə, yenə xatırlarsan,
Unudular deyərsən?
Anamızın südünün dadını unutduğumuz kimi?
Xatırlamazsan yaşadıqlarını, bəlkə xatırlamaq istəməzsən…
Uğrunda canımızı fəda etdiyimiz sevgi ve sevgiılini…
Qəlbinə kilid taxıb, özünə söz verərsən,
xatırlamazsan,
İçini əridən sevdiyin gözləri belə
Gələcəklə bağlı planlar, xəyallar qurmazsan,
Küsərsən yaşadıqlarına,
Qarşısından keçdiyiniz an dönüb ağldığıniz küçə,
Xatırladacaq onu..
Yenə unudarsan deyirsən.
Amma ….
Unudula bilərsən, ama unutmazsan….
unudmazsan, unudmazsan
Müəllif: Nigar Duygu