PostHeaderIcon Yoxluğunu gec duymuşam

http://www.load.az/uploads/posts/2008-03/1204704053_sendenbakayokna8.jpg

Gözdən yaş süzüldü həzin layla tək,

Eşqin alovuna yağış çiləndi.

Özüm mən özümə təsəlli verdim.

Ümid bir yalançı nura bələndi.

Ümid çırağında isindi ürək,

O bircə ümidi qənimət bildi.

Yarpaqlar əsdikcə o titrəmədi.

Bircə titrəyişi xəyanət bildi.

Kədərin nazını çəkən o ürək

Dözüm gəzdirirdi öz arxasında.

Başqa cür olardı deyim çox şeyi,

Bəlkə anlasaydım mən öz vaxtında.

Min bir əzabınla, min bir dərdinlə

Qəlbim arasında körpü olmuşam.

Sənin yoxluğunu anlamaq üçün,

Bəlkə də vaxtından gec doğulmuşam.

Bəlkə qayıdarsan, bəlkə dönərsən

Yolunu hər zaman gözləmişəm mən.

Mənzilə çatmayan arzular kimi,

Vaxtından əvvəl gecikmişəm mən.

Yad ürək, yad nəfəs, yad əl istisi

Ömrümdə ilıq bir səhifə açdı.

Yad ürək səsiylə döyündüm, neynim!

Sənli arzularım yarımçıq qaldı.

Ayları, illəri tək addımladım

Kitabım, dəftərim büküldü sənsiz.

Ünvanı səhv salmış məktublar kimi

Arzular doğmamış gecikdi sənsiz.

Sükuta büküldü ayım, ilim də

Həsrət daşımışam illər uzunu.

Bəlkə də vaxtından tez doğulmuşam

Bəlkə gec duymuşam mən yoxluğunu.

Müəllif: Aynurə Həsənova


Be Sociable, Share!

Yorumlara kapalı..