PostHeaderIcon Xoşbəxtlik çiçəyi

İnsan ömrü boyu axtarır onu,
Ona qovuşmağa can atır hər gün.
Elə insan var ki, bir ömür boyu
Onun həsrətilə soldurur hüsnün.

Biz də axtarmışıq onu illərdir, –
Budur, qarşımızda durub o çiçək.
O, necə zərifdir, necə gözəldir, –
Biz qıymasaq, bir başqası dərəcək.

Məni bihuş edir o gözəl ətir,
Daha bəsdir ona kənardan baxdıq!
O zərif çiçəyi dər, mənə gətir,
İlk dəfə biz ona belə yaxınıq…

Niyə tərəddüdlə baxırsan ona?
Belə fürsət bir də çətin düşəcək…
Söylə, niyə axı qıymırsan ona,
O ki bizə xoşbəxtlik bəxş edəcək?!

Yəqin, xoşbəxtlikdən qorxursan indi, –
Kədərə o qədər öyrəşmişik ki…
O zərif çiçəkdən qorxursan indi, –
Tikanlara elə öyrəşmişik ki…

Nə biz dərdik, nə başqası istədi,
Zaman səbr etmədi, soldurdu onu.
Hər kəs xoşbəxtliyi sözdə istədi,
Üz-üzə gələndə görmədi onu.

Daha gecdir, şansımızı itirdik,
Bir də çətin o çiçəyə rast gələk.
Çox düşündük, boşa zaman itirdik,
Gəl, elə burdaca vida eləyək…

Müəllif: Pərvanə Əliyeva


Be Sociable, Share!

Yorumlara kapalı..