PostHeaderIcon Xəsisin Aqibəti

Fәsli-bahar idi keçir idim lalәzaridәn,

Xoş sövt ilә oxurdu, eşitdim hәzaridәn[1].

Bülbül, sәnin dә var mәgәr alәmdә bir qәmin?

Gördüm o da şikayәt edir ruzigaridәn.

Ta var fәraq, dәrdi-gülüstani dәhridә,

Әksilmәz ahü nalә sәsi bu diyaridәn!

Gәl әndәlibin[2] halını seyr eylә, onda sәn,

Zalim fәlәk çün, ayrı salar yari yaridәn.

Diş düşdü, baş ağardı, kәman oldu qamәtim,

Bir sәs gәlir qulağimә hәr gün mәzaridәn.

“Gәl, gәl ki, gözlәyir yoluvi xaneyi-lәhәd[3]

Gәl, murü mari[4] eylә xilas intizaridәn!”

Qüvvәtli çox cavanlar әsir etdi şahi-mәrg[5],

Bak eylәmәz sәnin kimi bir ixtiyaridәn[6].

Nagәh әlindә badә gәlәr saqiyi-әcәl,

Zur ilә hülqüvә[7] tökәr ol zәhrimaridәn.

Vermәz ölüm o qәdri sәnә fürsәt, ey әmu!

Ta bir içim su meyl edәsәn cuybaridәn[8].

Eylә vida, әhlü әyalin hәmişәlik,

Didar qaldı mәhşәrә, әl çәk nigaridәn!

Divari-qәbri hiç dilavәr yarammadı,

Mümkün deyil fәrar o möhkәm divaridәn!

Sultandi can bәdәndә, bәdәn tәxti-sәltәnәt,

Sultan ki qalxdı, tәxt düşәr etibaridәn.

Varis deyәr: mәnimdi bu dövlәt, tez ol görәk!

Tәşrif apar ki, çıxdı әlin ixtiyaridәn!

Düşsә yolun mәzar evinә, qәflәt eylәmә,

Kam al doyunca, sәn dә, әmu, susmaridәn[9]

Varis “Hotel Palas”da eyәr müftә pulları,

Busә alar doyunca qәlәm qaşlı Maridәn[10].

— Qurban ola ata vә anam gül dәhanüvә,

Can madmazil, gözәldi cәmalin baharidәn!

Aşiq qoyar külahı erә, yar şapkanı,

Zülfün tökәr üzarә yәminü, yәsaridәn[11].

Dәf sәslәnәr, kamança deyәr: yar, yar, yar!

Saqi tökәr gilasә meyi müşkbaridәn.

Şampan qәdәhlәri çün bir-birә dәyәr,

Өvc eylәr asimanә bu sәs çәngü taridәn:

Ya bәxtiyar edin özüzü, ciddü cәhdlә,

Ya parisa[12] olun, çәkin әl kәsbi-karidәn!

Bәdbәxt o kimsәdir ki, yığar malı sandığa,

Xәrc eylәmәz erindә, keçәr ömrü yaridәn.

Beynin yoruldu, çortgә qabağında sübhü şam,

Hasil nә oldu bәs sәnә bu dәrrә-daridәn?

Bir xәstәxanә millәt üçün etmәdin bina,

Naxoşlar öldü küçәdә, baxdın kәnaridәn.

Ey kaş, olaydı dövlәtin ömrün kimi zәlil,

Bir körpü yandıraydın o darü nәdaridәn.

Nә millәtә, nә dövlәtә bir xidmәt eylәdin,

Bir huşә gәl, dadaş, geçә keçdi qәraridәn!

Gәh Bәsrәdәn sәsin gәliri, gahi Misridәn,

Gәh Şamü şumidәn vә gәhi Qәndiharidәn

Әsbab eyş xofü xәtәr, mәnzilin rübat[13],

Fәrqi nәdir belә kişinin çarvadaridәn

Möcüz, ağardı sübh yeri, huşә gәl görәk,

Yalvar, sızılda, әfv dilә kirdigaridәn!

Salma aşağә böylә sәri-şәrmәsarüvi,

Allah bağışlayandı, keçәr tövbәkaridәn.

[1]–bülbül

[2]–bülbül

[3]–qәbir evi

[4]–qarışqa vә ilanı

[5]–ölüm padşahı

[6]–qocadan

[7]–boğaz

[8]–su arxından

[9]–kərtənkələ

[10]–Mariya

[11]–sağ və soldan

[12]–dünyanı tərk etmiş adam

[13]–uzaq

Muəllif: Mirzə Əli Möcüz


Be Sociable, Share!

Yorumlara kapalı..