PostHeaderIcon Vicdan

Yenə gözlərimdən qaçıbdır yuxu,
Zülmət qaranlığa dikilib gözüm.
Yenə vicdanımla baş-başayam mən,
Yenə də özümlə danışır özüm.

Hesabat verirəm öz vicdanıma,
Gün boyu etdiyim əməllərimdən.
Ən dürüst hakimdir vicdanım mənə,
Narazı deyiləm hökmlərindən.

Səhv etsəm, yatmağa qoymaz vicdanım,
Sanki o andaca məni boğacaq.
Yaxşılıq edəndə rahatdır canım.
Bilirəm vicdanım lay-lay çalacaq.

Kaş ki hər insanın vicdanı ola,
Haqq-hesab eyləyə yatmadan öncə.
Vicdanı çəkəcək onu düz yola,
Mənliyin paraya satmadan öncə.

Müəllif: Aysel Nəsirzadə


Be Sociable, Share!

Yorumlara kapalı..