PostHeaderIcon Təcnislər

Yara tək Qarabağ yarası deyil,
Çəkir ondan betər işgəncə Gəncə.
Nə bir iş tapılar, nə bir boş vədə,
Tapılar min cürə işgəncə gəncə.

Yüz geyin qızılnan bürünc əyinə,
Yurdun qannan başqa bürüncəyi nə?
Babalar bürünsün bürüncəyinə,
Qalıb yerdə qalan iş gəncə, gəncə.

Bəxtiyar, düzəltməz tək idim heç nə,
Bir az deyinirdim, tək idim heç nə.
Vermədi Qazaxda təkidim heç nə
Bəlkə səndə ola iş Gəncə, gəncə.

***

Yarın sinəsində iki gül açmış,
Ləl gülə qarışib, gül lələ, dünya.
Görməyib böyründən keçib gedəcəm,
Yoluma ləl çıxsa, gül lələ, dünya.

Göyərçin günləri uçurum dedim,
Çıxmaz axırıma uçurum dedim.
Mən ki Ərzuruma uçurum dedim
Mən kimi Kərəmə gül, Lələ dünya

Haq-divan Kar qaya- gəlir öz ünün,
Olmur qazananın, gəlir özünün.
Özünə hayıfı gəlir özünün,
Özü Bəxtiyarı güllələ, dünya.

***

Ömür bağçasında ömür çürütdüm,
Meyvəsin səksənə-səksənə dərdim.
Bəla da gələndə qəfildən gəlir,
Üzülmüş heç demir səksənə dərdim.

Kor tale kor atdı- sürək bu qayda,
Ovçusan aparma sürək bu qayda.
Necə bu ömürü sürək bu qayda
Heç yüzdən enmədi səksənə dərdim.

Dərk etmir dərdləri kəlləm, ay Allah
Qəlbim illər dözər, kəlləm ay, Allah.
Dərd məni aşırdı kəlləmayallaq
Önümdə nazlanıb səksə nə dərdim.

Yarı xoca desin, yarı şagirdi,
Tutmaz hər ustadı yarı, şagirdi.
Zillət Bəxtiyarnan yarışa girdi-
Yolumdan sapınıb səksə nə dərdim

***

Bağrım tikan-tikan, tellərin ilan
İlan qorxub gəlməz kirpiyə sarı.
Həsrət üz-gözümü elə saraldıb
Bir o qalıb düşə kirpiyə sarı.

Oxusa ürəyim xanıma fənndi,
Qul gələ bilərmi xanıma fəndi?
Mən sənə baxanda, xanım əfəndi
Kirpiyim tərpənməz kirpiyə sarı

Dərdmi istəyirsən, apar, var digər
Bu dərd ha üyünsün, a pər, var digər
Sənə qurban olum, a Pərvərdigar,
İlan tamahlari kirpiyə sarı

Müəllif: Bəxtiyar Hidayət


Be Sociable, Share!

Yorumlara kapalı..