PostHeaderIcon Sükuta qərq olmuş dəqiqələrim

http://www.zamazing.org/imaj/brum/watch-lighter.jpg

Gözlərim dalınca süründükcə hey,

Xəyalın gözümdə duman döndü.

Bir anlıq xəyala qərq olduqca gör

Fikirlər dəryada ümmana döndü.


Susdu arzular da, susdu ürək də,

Sükut yuxusuna getdi həyat da.

Bir insan taleyi güldü bəlkə də,

Bir insan taleyi söndü o anda.

İsti otağımda üşüdüm tir-tir,

Sükutdan ayılmış, əsən yel kimi.

Sənli xatirələr beləcə bir-bir,

Axdı yanağımdan qanlı sel kimi.

Titrədi ürəyim yarpaqlar kimi,

Elə bil qəlbimdən bir daş asıblar.

Suya həsrət qalmış dodaqlar kimi,

Bir içim suya da həsrət qoyublar.

Ömrümdə çox olub susmuş saatlar,

Saatın susmağı günahdır vallah.

Neçə insan yükün daşıyırsa da,

Sükut yuxusuna qərq olmuş o da.

Bu sükut bir qəflət yuxusu imiş,

Susdurdu qəlbimi dinməmək üçün.

Bəlkə də bir qəlbin qorxusu imiş,

Ayıltdı yuxudan ölməmək üçün.

Kim bilir, bəlkə də qəlbimdən uzaq,

Sənin də ürəyin sükuta daldı.

Bu sükut özüylə məni çox uzaq,

Soyuq bir ürəyə qonaq apardı.

Üşüdüm mən orda, əsdim, titrədim,

Demə, xəyalımda isinirmişəm.

Ayıldım sükutdan, gördüm ki, yenə,

Soyuq otağımda üşüyürmüşəm.

Müəllif: Aynurə Həsənova


Be Sociable, Share!

Yorumlara kapalı..