PostHeaderIcon Sevgilin səni tərk etmişsə əgər

Səhərlərin kədərli keçər gecələrinsə heç keçməz
Yeməklər də iştahsız siqaretlərin çox
Getməyə heyin olmaz
Küləklər bitməz
Sevgilin səni tərk etmişsə əgər

Sonuncu siqareti alıb qutudan
Onu da qazın oduna yandırarsan
Sən həyata həyat da sənə tüpürər
Sevgilin səni tərk etmişsə əgər

Artıq ömrün bölünüb lap ortadan
Ondan sonra və ondan ibarət
Ondan sonranı yaşamaq da çətin
Bir az unutqan olmalı imişsən məgər
Sevgilin səni tərk etmişsə əgər

Sən artıq ölmüsən bunu da bil
Demək adamlarla ünsiyyətin lal olacaq
Heç kimi sevməsən də olar
Yuxudan gec dursan da
Dərsə getməsən də
Sevgilin səni tərk etmişsə əgər

Sən artıq kədər ilinin balasısan
Bir adın həsrət olmalı
Sən indi bir ovuc göz yaşısan
İnsanlara qəm daşıyırsan
Gözün də qapıda
Sevgilin də tərk edib səni

Nə qədər desən ki, yoxdur alın yazısı
Sən öz varlığınla
bir nümunə olacaqsan alın yazısına
səninki belə gəlib

Sevgilin səni tərk etmişsə əgər
Dünya gözündən düşüb əlin hər yerdən üzülübsə
Sevgi kəlməsini dilinə gətirməzsən daha
Çünki sevgi sözü insan öldürən makinə kimi görünəcək gözlərinə

Sevgi sözü alın yazısına bərabər olacaq
Alın yazısı ölüm kəliməsinə
Nə satılmaqdan qorxacaqsan nə də itirməkdən
Nə sərxoş olub suya yıxılmaqdan

Niyə görə sualı verməyəcəksən
Nə də küçədən keçən qızlara baxacaqsan
Fahişələrdən başqa heç bir qız cəlb etməyəcək səni
Nədənsiz yolçuluqlarda sarı xəzəlləri tapdayacaqsan

Ömürsə bitmək bilməyəcək
Günlər bir-birindən gözəl
Küçələrdə aşiqlər daha çox olacaq
Soyuq külək yalayır ağacları
Günəş daha da yaxınlaşıb yerə
İnsanlar utandığından tərə batır
Fərqi yox səninçün
Kimsəni gözləməyəcək
Kimsəni yola salmayacaqsan

Üzündə istehza gözlərin uzaqlarda
Astadan qutunu açacaqsan
Ilk siqareti alıb
Avtobusların arxasınca baxacaqsan
Mənası qalmayacaq qərənfillərin
Bir də hədiyyə lentlərinin

Sevgilin səni tərk etmişsə əgər
Dünyanın bütün sirrləri sənə bəlli olacaq
Yuvasız sərxoşları
Daha yaxşı anlayacaqsan

Acgözlüklə araq süzən sərxoşlar
Qısa yubkalı fahişələr
ən gözəl insanlar olacaq
hər gün bir az da puç olmaq istəyəcəksən

mədəni adamları görməyə gözün olmayacaq
hamının üzündən əclaflıq yağacaq
Sevgilin səni tərk etmişsə əgər

Əgər sevgilin səni tərk etmişsə
Bir avtomobil qəzasıyla bitmişsə hər şey
Gözlərindən getməyəcək çiliklənən maşın güzgüsü
Nədənsə sənə uzun görünən kresloda
Onun son düşüncəsiylə maraqlanırsan

Təkcə ona görə yox ki
Nə vaxtsa birlikdə dondurma yemiş
Sevincinizi və pulunuzu bölüşmüsünüz
Təkcə ona görə yox

Həm də ona görə ki
Ayrı yaşamağın mümkün olmadığına
Gələcəyin ikilikdə yaşanacığına
Özünüzü inandırmışdınız
Hər şey bitdi
Barışmaq çətin

Sevgilin səni tərk etmişsə əgər
Bir avtomobil qəzasında
Demək artıq sona yetmiş keçmiş
O bir də gəlməyəcək
Sənsə
Avtojurnallarını yandıracaqsan
Alovundan da bir siqaret

Müəllif: Qan Turalı


Be Sociable, Share!

Yorumlara kapalı..