PostHeaderIcon Sən Məni Sevmişdin

Həsrətin əlindən gəlmişəm cana,http://s50.radikal.ru/i129/0909/6c/023e43096545.jpg
Gözümdə qaynayır dağların çəni.
Taleyim bu dərdlə yetsə də sona,
Sən məni sevməsən, sevmərəm səni.

Sinmədən çəkilən çarpaz dağ ola,
İstəyim cücərib min budaq ola,
“Sevmərəm” söyləsəm, bir az ağ olar
Sən məni sevməsən, sevmərəm səni.

Öd tutub alışan şama dönərəm,
Günəşdən qovrulan quma dönərəm,
Kiməm heç, demərəm kimə dönərəm,
Sən məni sevməsən, sevmərəm səni.

Axaram baharda daşan çay kimi,
Solaram tək qalan yalqız ay kimi,
Sərilib qalaram oxsuz yay kimi,
Sən məni sevməsən, sevmərəm səni.

Qovuşsaq, dözmərəm soyuqluğuna,
Vüsalın əlindən gələrəm cana,
İstəsən küs, inci, istəsən qına,
Sən məni sevməsən, sevmərəm səni.

Sev məni, yağış ol, çəmənin ollam,
Belinə sarılan kəmərin ollam,
Saz olsan, qoluna yüz bəndin ollam
Sən məni sevməsən, sevmərəm səni.

Kəklik ol, sev məni, bərəyə dönüm,
Dəmir ol, alışan kürəyə dönüm,
Sev məni, od tutan ürəyə dönüm.
Sən məni sevməsən, sevmərəm səni.

Sevməsən, alışıb dönərəm külə,
Özümü verərəm kükrəyən yelə,
Dünyada sən qalsan, bir də mən belə,
Sən məni sevməsən, sevmərəm səni.

01.08.2003.

Müəllif: Sərdar Zeynal

E mail:[email protected]


Be Sociable, Share!

Yorumlara kapalı..