PostHeaderIcon Ruhum

Cismimdə vurnuxan narahat ruhum,
Səni vicdanından asmağım gəlir.
Bir səda səslənir haqq dünyasından,
Gedib o yollarda azmağım gəlir.

Nə olub bitənlə bitmədin deyə,
Nə azıb itənlə itmədin deyə,
Dinib yetəninə yetmədin deyə,
Əbədi sükutla susmağım gəlir.

Hər nə elədimsə qınadın məni,
Bəşərə dar etdi inadın məni.
Ucaltdı hər yerdə qanadın məni,
Səni fəzalara yazmağım gəlir.

Nə ölü tək ölü, diri tək diri,
Nə yerə sığansan, nə göydə biri.
Ey haqqın haqq gəzən, haqq uman sirri,
Qəbrini qəlbimdə qazmağım gəlir.

Yorulub yollarda qalmamağınçün,
Şeytana meylini salmamağınçün,
İnamsız, imansız olmamağınçün,
Ölümü bağrıma basmağım gəlir.

Müəllif: Feyziyyə Hacızadə


Be Sociable, Share!

Yorumlara kapalı..