PostHeaderIcon Röyama qonaq gəl

Bu gecə röyama qonaq gəl, gülüm,
Məni sevib – oxşa, al ağuşuna.
Bu gecə röyama qonaq gəl, gülüm,
Həsrətəm səsinə, bir baxışına.

Bu gecə röyama qonaq gəl, gülüm,
Ruhunu ruhumun yanına göndər.
Həyatda nə qədər etsən də zülüm,
Barı röyamı sən nağıla döndər.

Bu gecə röyama qonaq gəl, gülüm,
Həsrət bir gecəlik bitsin röyada.
Bizdən uzaq olsun ayrılıq, ölüm,
Onları gəl qoyaq oyaq dünyada.

Bu gecə röyama qonaq gəl, gülüm,
Sənsiz röyalarım tutqun, qarışıq.
Bu gecə röyama qonaq gəl, gülüm,
Biz ki röyalarda ayrılmamışıq.

Bu gecə röyama qonaq gəl, gülüm,
Daha sənsizliyə dayanmaram mən.
Bu gecə röyama qonaq gəl, gülüm,
Gəlsən, söz verirəm: oyanmaram mən…

Müəllif: Əli İbrahimov


Be Sociable, Share!

Yorumlara kapalı..