PostHeaderIcon Qulluq edirik

Həyatda gör bir hansı yollar hökümranlıq edir,
Ağalar məzlum olub, qullar hökümranlıq edir,
Din itib məzhəb itib, pullar hökümranlıq edir,
Dollara, valyutaya şirvana qulluq edirik.

Ən əsas insana vicdandı, onu saymayırıq,
İnsana sağlam olan candı, onu saymayırıq,
İlahi ayəsi dərmandı, onu saymayırıq,
Bizi uyduran başqa dərmana qulluq edirik.

Dilimiznən gəzirik ölkələri həm şəhəri,
Qeybət etdikdə ilan tək atırıq biz zəhəri,
Gözümüznən atırıq qızlara hər gün yəhəri,
Hər tərəfliyik, çünki həryana qulluq edirik.

Hacı vardır ki, ticarətdə giribdir harama,
Pul tutub gözlərini, şıllağ atırlar salama,
Mollalardan da yasda pul oxuyurlar adama,
Biz hansı ayə, hansı qurana qulluq edirik.

Gör, nə gündəyik gülürlər bizə düşmanlarımız,
Anadan gəlmə lütüryandı Natəvanlarımız,
Gecələr barda, restarandadır cavanlarımız,
Hansı bir namus, hansı vicdana qulluq edirik.

Elminə arxalanan zənn eləyir arif olub,
Amma əslində arif olan el içində solub,
Bu günahkar Əbdülün gözləri göz-yaşla dolub,
Dedi biz düz demirik irfana qulluq edirik.

Müəllif: Əbdul Fəqir


Be Sociable, Share!

Yorumlara kapalı..