PostHeaderIcon Qarabağ bizimdir.

Qarabağ bizimdir, bizimdir, bizim,
Bəsdir yatdın artıq oyan əzizim.

Qarabağ bizimdir eyləməyin şəkk,
Fəqət Qarabağmız indi qalıb tək,
Qarabağ inləyir, fəryad eyləyir,
Azad olmaq üçün bizi səsləyir.

Şuşanın dağları qara dumandır,
Xarı bül-bülümün halı yamandır,
Düşmənin əlində solubdur gülüm,
Artıq çiçək açmır xarı-bülbülüm.

Şuşadan gəlməyir azanın səsi,
Duyulmur ananın laylay nəfəsi,
Muğamın beşiyi sükunətdədir,
Yağı tapdağında, əsarətdədir.

Qarabağdan üzü qara çıxmışıq,
Onun-bunun üstə günah yıxmışıq,
Halbuki günahlar özümüzdədir,
Əməllərmiz ancaq sözümüzdədir.

Quruyub qəhrdən İsa bulağı,
Sönüb minlər ilə ailə ocağı,
Qoca, yaşlı, cavan, uşaq, qız, gəlin,
Səsləyir bizləri savaşa gəlin.

O Cıdır düzündə çapılmır atlar,
Acınacağlıdır köçkün həyatlar,
O çadır düzündə həyat didərgin,
Millətin əhvalı çətin və gərgin.

O qızıl Kəlbəcər qaraldı dərddən,
Namərdlər çəkinər daima mərddən,
Biz nə cürnə mərdik susub yatmışıq,
Tarixə yazılan vətən satmışıq.

Şəhidlərin səsi göydə inləyir,
Bu səsi xalqımız yavaş dinləyir,
Onların qanları qalıbdı yerdə,
Söylə hansı bir dağ dözər bu dərdə?

Gedib əldən Ağdam, Laçın, Kəlbəcər,
Cəbrayıl, Zəngilan, Şuşa və Tərtər,
Gəl olaq bərabər müzəffər əsgər,
Namuslu olduğun düşmənə göstər.

Əlinə silah al başla savaşa,
Cəbhəyə yollansın hamı bir başa,
Qəflətdə olmağın dövranı deyil,
Sülhdən danışmağın zamanı deyil.

Müəllif: Həbib Müntəzir


Be Sociable, Share!

Yorumlara kapalı..