PostHeaderIcon Qəfil göz yaşı

Son görüşdə ağlamışdım,
Yadıma düşmüşdü hər şey.
Qırıq hasar qapısının ciyiltisi,
Xəstə babamın öskürək səsi,
Elə əl-ələ tutub gəzdiyimiz bulvarın
Neft qoxulu, çirkli dənizinin
İlıq nəfəsi
Ağlatmışdı məni…

Bu nə xiffət idi, nə də…
Böyük şəhərin
Onsuz çirkli küçələrini
Daha da bulayan
İyrənc nəfslərə
Elə-belə, uşaqsayağı üsyan idi…

Rütubətli Bakının başgicəlləndirən havasına
Ağlamışdım səninlə son görüşdə.
Müəmmalı gələcəyimə,
Hələ sinə gərəcəyim
Çətinliklərimə ağlamışdım.
Əllərini göz yaşım yox,
Suallarım islatmışdı,
təlaşlarım islatmışdı.
Boğazımda qəhər olmuş düyün,
Dəyilməmiş cümlələrim islatmışdı,
Çaşdırmışdı onda səni…

…Yenə dolur gözlərim.
Nə səndən,
Nə görüşdən.
Yaşamaqdan dolur gözlərim,
Yaşamaqdan…

Müəllif: Aysel Novruz


Be Sociable, Share!

Yorumlara kapalı..