PostHeaderIcon Özünü aldatma, mavi gözlü qız

Bir yaşıl yarpaqsan körpə budaqda,
Başına gün döyər, dondurar şaxta.
Hələ görəcəyin günlər qabaqda,
Bir sevgi nəğməsi oxu bir ağız,
Özünü aldatma, mavi gözlü qız

Yollar qırış-qırış, yollar dağ-dərə,
Yıxılsan çətin ki, biri əl verə.
Açma ürəyini ürəksizlərə,
Dərdini dediyin dostlar vəfasız,
Özünü aldatma, mavi gözlü qız.

Tanımır getdiyin küçələr səni,
Doldurub kuzəyə içəllər səni,
Çəkər ağuşuna gecələr səni.
Bir qəmli xatirə, bir qəmli kağız…
Özünü aldatma, mavi gözlü qız

Ağıza söz olub, səsə düşmüsən,
Bu da bir bəladı, nəsə düşmüsən,
Deyən bu dünyada bəhsə düşmüsən.
Bu həyat çeynəyib, çürüyən saqqız,
Özünü aldatma, mavi gözlü qız.

Ruhuna köklənən qəm var, acı var,
Könlünün xoş sözə ehtiyacı var,
Bağrının başında dərd ağacı var.
Çəkdiyin əzablar saysız, hesabsız,
Özünü aldatma, mavi gözlü qız

Zaman çalxaladı, ömür daşladı,
Danışsam, deyərlər yenə başladı.
Bu yazıq Hafizin dərdi başqadı;
Haqq ayaq altında, hökm edir haqsız.
Özünü aldatma, mavi gözlü qız…
Özünü aldatma, mavi gözlü qız…

Müəllif: Hafiz Hacıxəlil


Be Sociable, Share!

Yorumlara kapalı..