PostHeaderIcon Nağıl

Bir nağıl-yuxuydu gördüm elə bil,
Yarı yuxuluydum, yarı da oyaq.
Hər şey duman kimi çəkildi qəfil,-
Sən mənə arxaydın, mən sənə dayaq.

Bəlkə də sən yoxsan, xəyallarımda,
Səni uydurmuşdum bilə-bilə mən.
Əgər belədirsə necə olub ki,
Girib ürəyimdə uyuyur kölgən?

Varsanmı, yoxsanmı?- çaşıb qalmışam
Ölümlə olumun arasında mən.
Olsaydın qədrini bilməzdim bəlkə,
Yoxsan ki, bu qədər əzizdi kölgən.

Ey mənim nağılım, ey mənim xülyam,
Bəlkə nə zamansa yoxdan var oldun.
Bəlkə çıxıb gəldin xəyallarımdan,
Könlümün taxtında tacidar oldun…

Qönçələr açanda güllər solurlar,
Sən mənə ümidsən, duyduğum xəyal.
Əlçatmaz istəklər gözəl olurlar,
Nakam arzular tək ürəyimdə qal.

Müəllif: Feyziyyə Hacızadə

Yorumlara kapalı..

Ara