PostHeaderIcon Hələ ki

Hələ dözürəm…
hələ ki qəzəbim kəsik-kəsik,
hələ ki dəli qəzəbin cilovunu dartmaqdan
səbrimin əlləri qabar-qabar,
səbrimin əlləri didik-didik.
Kükrəyən qəzəbimin
qan damır cəhənglərindən,
dördnala çapmaq istərkən
qopa bilmir yerindən,
çeynəyir yüyəni,
tapdalamaq, əzmək istəyir,
nəfəsini kəsmək istəyir
aydan arı, sudan duru
ürəklərə dəyənin.
Ürəyimdə ayaq döyür qəzəbim,
ürəyimdə qanlı yaralar açır,
Uzaq durun ürəyimdən
zərbələrdən ürəyim qançır-qançır,
zərbələrdən ürəyim qazıq-qazıq,
Səbrim basa bilməsə səbrini,
qəzəbimin dırnaqları altında qalana yazıq…


Be Sociable, Share!

Yorumlara kapalı..