Gülə sər

(təcnis)
Niyyət xoşsa lap qocal da, qarı da.
Xoş gələcək sənə qız da, qarı da.
Yaz nəfəsi yox eyləyər qarı da,
Yel vuranda çiçək gülər, gül əsər.
***
Gözəllərin atəşinə yan asan,
Sevirsənsə zülmü özgə yana san,
Eşq oduna gərək elə yanasan,
Nurlana göz, sevinə qəlb, gülə sər.
***
Bar payızın, qar qışın, gün yayındı,
Demə könlüm bu sevdadan yayındı.
Öz eşqini car çək elə, yay indi,
Sevdiyin qız Güləsərdir, Güləsər.
***
Bir qaydadır, gərək bərkə düz düşə,
Dağ eşqinə aran düşə, düz düşə.
Gül dibində elə dur ki, düz düşə,
Kökə ayaq, budağa can, gülə sər.
***
Yaz oldumu, çiçək şəfəq, budaq dan,
Duman qalxar o dərədən, bu dağdan,
Nur seli tək seh çilənər budaqdan,
Gül üzünü gülabla yu, gülə sər.
***
Umulacaq nəyin varsa yar uma,
Ara vuran, səni görüm yarıma.
Bir dəstə gül göndərsəm də yarıma,
Insafsıza eyləmədi gül əsər.
***
El ağ olmaz el içində üz ağa,
Qəvvassansa qaradan dön üz ağa,
Ay Ziyəddin, çox da getmə uzağa,
Gül həvəsli ol ki, yarat gül əsər.
Müəllif: Ziyəddin Səlim