PostHeaderIcon Bu Bizim Vətənimizdir!

Xəritədə ac köpəklərin çeynədiyi,
Qoyun dərisinə bənzəyən.
Iynə kimi özü lüt,
Özgəliyi bəzəyən.
Ayağını itlər,
Yaxasını bitlər yiyən.
Bu bizim Vətənimizdir!

Azadlıq deməkdən,
yırtılan boğazıyla.
Cəhənnəm qışıyla,
Cənnət yazıyla.
Bol-bol ciblərə dolan,
Neftiylə, qazıyla.
Bu bizim Vətənimizdir!

Ağlamaqdan gözlərində yaş qalmadı.
Sabahını düşünməyə,
Bir ağıllı baş qalmadı.
Gələn vurdu, gedən vurdu,
Daş üstündə daş qalmadı.
Bu bizim Vətənizmizdir!

Qanlı köynəyi əyninə yapışıq,
O, yanıb, biz yanmışıq.
Vətən xarabaya dönəndən sonra qanmışıq.
Bu bizim Vətənimizdir!

Gecəsi zülmət,
Gündüzü qaranlıq.
Kədəri əbədi,
Sevinci bir anlıq.
Özü boyda qəbristanlıq.
Bu bizim Vətənimizdir!

Özü də bilmir hara tələsir,
Qələtini axtarır.
Hələ indi dilini, millətini axtarır.
Özü özünü öldürüb, öz çiyinində aparır.
Bu bizim Vətənimizdir!

Bəd günü ilə, xoş günü ilə,
Daim əli boş günü ilə,
Qaçqınıyla, köçkünü ilə
Bu bizim Vətənimizdir!

Müəllif: Nüsrət Kəsəmənli


Be Sociable, Share!

Yorumlara kapalı..