PostHeaderIcon Biri var, biri yox

Biri var, biri yox, hər ikisinə,
Nəmli baxışlarla baxıram bu gün.
Yarı ac, yarı tox, hər ikisində,
Dişə saman çöpü taxıram bu gün.

Nə olsun gülürəm, güldüyüm zaman,
Güldüyüm şeylərə gülməyim gəlir.
Hər nəsə örgənib, bildiyim zaman,
Bildiyim şeylərdən ölməyim gəlir.

Boz bulud tər kimi çöküb alnıma,
Əl atıb silməyə taqətim qoca.
Bu fələk bir ağac əkib alnıma,
Onun da kölgəsi kölgəmdən qoca.

Ömür halqalanmış qoca bir çinar,
Əl açıb biz ondan can diləyirik.
Assaz özümüzü göydən göy sınar,
Biz qoca çinarın göy dələniyik.

Dünya, sən həm varsan, həm də yox kimi,
Səni danmaq yasaq,danmamaq yasaq.
Sən Allah gözümə girmə ox kimi,
İmkan ver, heç yoxsa bir şeir yazaq…

Müəllif: Elnarə Şəms


Be Sociable, Share!

Yorumlara kapalı..