PostHeaderIcon Bir şair yaşayır Kür qırağında

http://s57.radikal.ru/i156/1004/db/43e36b9c8734.jpg

Vətənsiz, torpaqsız, evsiz-eşiksiz,
Bir şair yaşayır Kür qırağında,
Kəndi Sofulusuz – doğma beşiksiz,
Bir şair yaşayır Kür qırağında…
***
Vətəni Ağdama uzaqdan baxan,
Gözündən bulaqlar, çeşmələr axan,
Qəlbini intizar yandıran-yaxan,
Bir şair yaşayır Kür qırağında…
***
Xəyalı dolaşıq, halı pərişan,
Əlacsız dərdləri başından aşan,
İlhamı dəniz tək çağlayan, coşan,
Bir şair yaşayır Kür qırağında…
***
Ürəyi öz doğma elinə bağlı,
Məst edən ətirli gülünə bağlı,
Şirin ləhcəsinə, dilinə bağlı,
Bir şair yaşayır Kür qırağında…
***
Babalar məzarı qürbətdə qalan,
Zəhmətlə yığdığı dövləti talan,
On ildir naləsi göyə ucalan,
Bir şair yaşayır Kür qırağında…
***
Bir cənnət diyardan arana düşmüş,
İstidən, bürküdən, odlanmış, bişmiş,
Quş kimi yuvadan uçmuş, perikmiş,
Bir şair yaşayır Kür qırağında…
***
Gecələr yuxusu ərşə çəkilən,
Gündüzlər gözləri yola dikilən,
Vətən həsrətindən beli bükülən,
Bir şair yaşayır Kür qırağında…
***
Ayları, illəri bir-birinə tən,
Könlündə təlatüm, çöhrəsində çən,
Andı ana torpaq, qibləsi Vətən,
Bir şair yaşayır Kür qırağında…
***
Ulu yaradanı müqəddəs sayan,
Vəfalı dostlara canını qıyan,
Qəmli günlərində elinə həyan,
Bir şair yaşayır Kür qırağında…
***
Tanrımız düzəltsin əyilən qəddin,
Dərdlər qabağına çəksin öz səddin,
Soyadı – Məmmədli, adı – Fəxrəddin,
Bir şair yaşayır Kür qırağında…

Müəllif: Fəxrəddin Sofulu


Be Sociable, Share!

Yorumlara kapalı..