PostHeaderIcon Bir gün eşitsən ki, dəli olmuşam

Bir gün eşitsən ki,
dəli olmuşam,
gülümsə
dərdimi unutmağıma,
başqa dünyalara yol almağıma…
Bir gün məni görsən
ağac başında,
gecələr göylərə
baxanda səssiz.

Onda təəccüblənmə
gördüklərinə,
bircə əmin ol ki,
eşqə düşmüşəm
sosuz məhəbbətlə,
sonsuz sevdayla
həmdəmim gecənin sultanı
Ayla.
Bir gün qapınıza gəlsəm
səbəbsiz,
önündə heykəl tək
lal dayanarsam,
mənə qəzəblənmə,
axı sadəcə
səni varlığımda
dərk eləmişəm,
mən artıq özümü
tərk eləmişəm.
Bir gün səni görüb
fikir verməsəm,
xəyallar içində
yanından ötsəm,
ümid qanadını
beləcə əzsəm,
məni günahımda əritmə,
çünki
artıq özümə də
mən yadlaşmışam,
sənin cazibəndən
uzaqlaşmışam.
Bir gün desələr ki,
adını çəkib,
hər yoldan ötəndən
səni soruşub
səni axtarıram
lap özüm kimi…
O zaman incimə
bu halətimdən,
axı bu cismimə
sənlə gəlmişəm,
ruhunla ruhuma
səpələnmişəm.
Bir gün həqiqətə
çatıb içində,
gec də olsa məni
anlayacaqsan.
Görüb bu həyatı
başqa biçimdə,
hər şey məhvə gedir,
inanacaqsan!
Çıxıb dünyasından
saxta şöhrətin,
gülüb dünyasına
əbədiyyətin
sən özün-özünə
tapınacaqsan,
İnsan olduğunu
yaşayacaqsan!
Yenə də deyirəm,
dinlə əzizim,
bir gün desələr ki,
dəli olmuşam,
gülümsə
dərdimi unutmağıma,
başqa dünyalara yol almağıma…

Müəllif: Elmar Vüqarlı


Be Sociable, Share!

Yorumlara kapalı..