PostHeaderIcon Əsmərin Gündəliyindən

Zəhləm gedir
Məni eybəcər göstərən hər şeydən
güzgüdən
gündüzdən
həyatdan
Nifrət edirəm
eybəcər göründüyüm hər kəsə
adamlara
özümə…

Qaraşın, uzunsaç bir qız gəlir
yuxuma hər gecə
tutub o qızın əllərindən
qaçıram hey qaçıram
ya da kabusa dönür yuxularım
götürüb əynimə geyinirəm qızcığazı
libas əvəzi
Danışmağı öyrənəndən divarlar oldu
qulaq yoldaşım
Onlar öz səsimi qaytarırmış özümə
Mən onlara – bir, iki, üç
onlar mənə
b-i-i-r,
i-k-i-i,
ü-ü-ç
Sonralar anladım bunu

Elə qapanmağa da
sonralar öyrəndim
onda ki qonşu uşaqlar
döyməyə başladılar məni görər-görməz
sən demə
hərə bir cür döyürmüş adamı
hərə bir cür duyurmuş
həqiqətləri

Bir də
qış ayları daha xoşdu mənə
çünki
otağımın divarlarına bənzəyir
küçələr də,
mənim evimə bənzəyir
başqa evlər də
yəqin ki…
adamlar da mənə bənzəyir
qışda.

Müəllif: Xatire Sadiqova


Be Sociable, Share!

Yorumlara kapalı..