Nisan, 2010
Ürəyim bu sevda oduna yandı
Görüşdük, danışdıq, bu mənim bəsim,
Bu hansı qismətdi, hansı zamandı.
Qəlbimi oxşadı isti nəfəsin,
Ürəyim bu sevda oduna yandı.
Baxıram üzünə payız buludu,
Ürəyim səngiməz qəm dolu dərya.
Baxışın köksümdə qalayıb odu,
Çox çətin bu dərdi anlamaz duya.
Ötməyib aradan neçə həftə, il
Bu qədər yanıram həsrət qəminə.
Danışsam dil-dodaq günahkar deyil,
Qorxuram alışan ürəyim dinə.
Açılan dərd deyil söyləyəm, deyəm,
Sübhədək ahlarım ahıma dayaq.
Mən sənin yanında belə qəmliyəm,
Gəl mənim yanımda olmayanda bax.
Gözümdə yurd salıb dağların çəni,
Milyonlar içində tənhayam, təkəm.
Hissimi, ruhumu, oynadıb məni,
Bəs nədir hey sənin yanına çəkən?!
Yağışa həsrətdir alışan çəmən,
Şaxtadan donacaq səpələnsə qar.
Anlaya bilmirəm, bilmirəm ki, mən
Sevdirən günahkar, sevən günahkar.
Gizlətmə həsrətli gözünü məndən
Gözlərin gözümə yovuşdu, bəlkə.
Nə vaxtdır qəminlə olmuşam həmdəm,
Hardasa yolumuz qovuşdu, bəlkə.
Müəllif: Sərdar zeynal
E mail:serdar-zeynal@box.az
Nədir

Köç edir durna kimi,
Gün gedir, zaman gedir.
Qəlbimi didən qəmi,
Köksümü oyan nədir?!
Səd çəkmədim vaxtıma,
Çıxdım gənclik taxtıma,
Şeir düşüb baxtıma,
İşimi əyən nədir?!
Gedir gözümün nuru,
Sözüm durudan duru,
Bayraq etdim qüruru,
Qapımı döyən nədir?!
Seçirəm dağı-daşı,
Damladır gözün yaşı,
Qarşımda kəlməbaşı,
Bu dəhnə-yüyən nədir?!
Gözlər qəm, baxışlar ac,
Ürək od üstündə sac,
Ağı deyir ehtiyac,
Ömürə qıyan nədir?!
Yol göstərdim naşıya,
Dərd daşıya-daşıya,
Burada bir haşiyə,
İçimi yeyən nədir?!
Sevgim qəlbin qənimi,
Kədər edib dənimi
Qara etmə günümü,
Xətrinə dəyən nədir?!
Müəllif: Sərdar zeynal
E mail:serdar-zeynal@box.az
Gəzdirir

Yaxşı bax bundakı duruşa, boya,
Vədəli, vədəsiz özün əzdirir.
Düşünür yeganə kişidi, güya,
İnsanlararası soraq gəzdirir.
Gah qalxır göylərə, gah enir yerə,
Güc verir namərdə, haqsıza, şərə,
Çətinə düşəndə yer gəzir girə,
Başını gözlərdən qıraq gəzdirir.
Əlindən viranə, sökülü çoxdur,
Namərdin əlində bir qəfil oxdur,
Başında bir əlçim kəkili yoxdur,
Cibində qızıldan daraq gəzdirir.
Ünvanın yazanda on yerdə çaşır,
Düz sözü deyəndə dili dolaşır,
Baxışın dəyişir, güya, söz qoşur,
Özüylə karandaş, vərəq gəzdirir.
Bacarsa düzləri dibindən biçər,
Göz yaşın axıdıb qanından içər,
Əlləri yanında yol keçə-keçə,
Ayağı üstündə oraq gəzdirir.
Bazara çıxarsan dəyməz qəlp pula,
Bir “sağ ol” eşitcək sığışmaz yola,
Ovçunun ovuna göz dikən tula,
Yanında cangüdən, yaraq gəzdirir.
Müəllif: Sərdar zeynal
E mail:serdar-zeynal@box.az
Qanlı 20 Yanvar

Qar deyil ki, günəş vura əriyə,
Yara deyil məlhəm çəkəm giriyə.
Dağ çəkilən milyonlardan biriyəm,
Kimə acım, kimə deyim bu dərdi.
Başım üstə bayraq etdim haqqımı,
Güllə ilə sındırdılar şaqqımı,
Haqlı çıxdı əbədiyyət satqını,
Kimə acım, kimə deyim bu dərdi.
Qanadlandı ölüm yüklü güllələr,
Sinəmizdə çiçək açdı lalələr,
Yaddan çıxmaz o gecəki nalələr,
Kimə acım, kimə deyim bu dərdi.
Topladılar yüz dərənin suyunu,
Doldursunlar suya həsrət quyunu,
Başımıza açdılar min oyunu,
Kimə acım, kimə deyim bu dərdi.
Cana gəlir dünya mənim odumdan,
Xəbəri yox taleyimdən, adımdan.
Sıxılmaqdan adım çıxır yadımdan,
Kimə acım, kimə deyim bu dərdi.
Tumarlanır bostanıma daş atan,
Addımını əyri atan, çaş atan,
O, silahlı, mən əlimdə quşatan,
Kimə acım, kimə deyim bu dərdi.
Yurd yolunda min qurbanlıq baş durub,
Hər addımda tarixləşən daş durub,
Qarşımızda qar-boranlı qış durub,
Kimə acım, kimə deyim bu dərdi.
Kim unudar İyirmisi yanvarı,
Əbədilik milyon qəlbin qübarı,
Yüz altmış il Vətən yarı, biz yarı,
Kimə acım, kimə deyim bu dərdi.
Müəllif: Sərdar zeynal
E mail:serdar-zeynal@box.az
Vətən, Bağışla Məni

Neçə yol doğranmışam,
Neçə yol biçilmişəm.
Qismətim yada qismət,
Ayaqda kiçilmişəm,
Vətən, bağışla məni.
Haqqımı istəmişəm,
Dilimə dağ basılıb.
Boynumun kündəsindən
Qalmışam mən asılı,
Vətən, bağışla məni.
Çoxum əlimdən gedib,
Gözüm azın dalında.
Ömrümü əritmişəm,
Namərd qilü-qalında,
Vətən, bağışla məni.
İldırım yandırmayıb,
Od almışam içimdən.
Yollar cana gəlibdir,
Yurddan-yurda köçümdən,
Vətən, bağışla məni.
Dünən kütümü yeyən,
Bu gün özümə hürür.
Əlimə yetişəni,
Məndən qabaq götürür,
Vətən, bağışla məni.
Ağlım özümə qənim,
Ürəyim səngərimdir.
Qövr eyləyən dərdimin,
Rişələri dərindir,
Vətən, bağışla məni.
İldırım sındıracaq,
Bir gün sükut buzumu.
O vaxt qan tutacaqdır,
Yanan qartal gözümü,
Vətən, bağışla məni.
Müəllif: Sərdar zeynal
E mail:serdar-zeynal@box.az