Ocak, 2010
Dərdimi

Yoxdur səndən özgə könül sirdaşım,
Soruşa halımı,bilə dərdimi.
Görmədim fələyin sevinc payını,
Mənə hədiyyəsi elə dərdimi?
Ey məni bu qədər tox görən adam,
Doymadım bu dərddən,yox,görən adam.
Mənə sevincimi çöx görən adam,
Nə ola çəkməkdən ölə dərdimi.
Dünya çoxlarına bal dolu pətək,
Ömrüm arıların”sancdığı”çiçək.
Yığdım qucağıma qəmi bir ətək,
Yüklədim boynuma şələ dərdimi.
Elnarə,bu fələk namərddir yaman,
Mərd olan istəməz namərddən aman.
Dərdim ürəyimi böldüyü zaman,
Ola bir həmdəmim,bölə dərdimi.
Müəllif: Elnarə Şəms
Ölüm Qoxulu Ev

Bir qapısı var bu evin,
Açılanda “zingildəyir”.
Dörd divarı dar bu evin,
Yeriyəndə dingildəyir.
Tavanla döşəmə deşik,
Divarları kağız yeşik.
Bir üzü ev, biri eşik,
Külək əsir, inildəyir.
Tufan qopur qucağında,
Kül közərir ocağında,
Ay işığı bucağında
Tonqal kimi nərildəyir.
Hörümçək ipini burur,
Ölümə təzə ev qurur.
Köhnələr yerində durub
Bu boşluqda cingildəyir.
Kimdir bu evin yiyəsi,
Qoca ölüb, gəlmir səsi.
Kəsilib insan nəfəsi.
Kimsəsizlik inildəyir.
Bu evdə hamı yuxulu,
Havası ölüm qoxulu.
Otaqda həyat nağılı-
İnildəyir, can diləyir.
Müəllif:Elnarə Şəms
İçimdəki azadlıq
Bu dünyanın ədalətin heç görmədim,
Gənc ömrümün yarpaqları tez saraldı.
Mübarizəm ədalətə, haqqa idi,
Mübarizəm çox yoruldu, tez qocaldı.
Bu əllərim azdlıqdan əl çəkmədi,
Əllərimi bükməyə çox çalışdılar.
İçimdəki bu od, alov heç sönmədi,
Bunu görüb, tutuşdular, alışdılar.
Əllərimə zəncir vurub indi zaman,
Bu dilimə qıfıl vura bilməyəcək.
Azadlığı bu cahanda boğsa belə,
İçimdəki bu azadlıq dinməyəcək…
Müəllif: Elman Zal
Niyə sevdin sən məni ?!

Məsum bir baxışın günahıyamsa,
Niyə sevdin sən məni ?!
Uğursuz talenin sınağıyamsa
Niyə sevdin sən məni ?!
Məni yarı yolda atacaqdınsa,
Segimi yadlara satacaqdınsa,
Ulduz tək anidən batacaqdınsa,
Niyə sevdin sən məni ?!
Dərdimi yadlara deyəcəkdinsə,
Dərdimə ürəkdən güləcəkdinsə,
Məni özgələrə verəcəkdnsə
Niyə sevdin sən məni ?!
Gülüşü üzümdən qovacaqdınsa,
Sevgimi beşikdə boğacaqdınsa,
Sevinci gözümdə qoyacaqdınsa,
Niyə sevdin sən məni ?!
Əlimi əlindən üzəcəkdinsə,
Gözümü yollara düzəcəkdinsə,
Özgə birisini sevəcəkdinsə
Niyə sevdin sən məni ?!
Müəllif: Elman Zal
Novruzun novruzu

Avtobus dayanacaqdan astaca tərpəndi. Böyük əzab-əziyyətlə özünə yer tapmış boydan birazca bəstə, üzü tüklü, gözlərinin altı yuxusuzluqdan şişdiyi açıq aşkar bilinən, rəngi günün altında durmaqdan qaralmış 40-50 yaşlarında olan bir kişi gözünü pəncərəyə dikib nə isə dərin bir xəyala dalmışdı. Onun möhkəmcə yorulduğu və hardasa fəhlə işlədiyi üst-başından, müəyyən etmək heçdə çətin deyildi. Əynində kirdən qaralmış pencək, üstü toz-torpaq olan ən azı 1 il geyinilən ayaqqabı, boynun kiri açıqca bilinən köynəyin özü bu adamı ələ verirdi. Bundan əlavə hələ günün tam qızmadığı bir vaxtda pencəklə gəzişmək də yalnız belə imkansızlara xas bir şey idi. İndi hər avtobusda beş-on beləsini görmək mümkün idi.
Novruz yol boyu pəncərədən baxıb, gözlərini uzağa çox uzaqlara dikmişdi. Onu avtobusda çalınan “Simuzərim” mahnısının sədaları uzaqlara, kəndlərinə aparmışdı. Novruz keçən əsrin əvvəllərində 50 –ci illərin sonlarında Kürdəmir şəhərində anadan olmuşdur. Atası Rəsul kişi rayonda tanınmış ustalardan idi. O demək olar ki, rayonun və kəndin bir çox evlərinin damlarını vurulmasında birbaşa iştirak etmişdir. Odur ki, usta Rəsulun rayonda hörməti kifayət qədər idi. Dolanacağını da Sovet dövrü üçün məqbul hesab etmək olardı. Belə bir şəraitdə uşaqlıq dövrünü keçirən, Novruz hələ 15 yaşı tamam olmamış atasının yanında usta köməkçisi işləyirdi. Atası onu balaca usta deyə çağırardı. Ancaq atasının arzusu heçdə oğlunun onun sənətini davam etdirməsi deyildi. O, onu oxumuş, ali təhsilli görmək arzusunda idi. Atasına isə öz işlərində Novruzun böyük qardaşı Nəcəf yardım edirdi. Novruz gil ailədə üç uşaq idi. O dövr üçün bunu kifayət qədər kiçik ailə hesab etmək olardı. Heç də təsadüfü deyil ki, Novruz gilin qonşularının hərəsinin evində 5, 6 uşaq var idi. Novruzun anası Zibeydə xanım övladlarına hədsiz qayğı ilə yanaşırdı. Hərçənd ki, bu hər bir ananın analıq borcudur, ancaq o övladlarına çox bağlı idi.
Yanında oturmuş cavan qızın astaca səsi Novruzu xəyallarından ayırdı.” Dayanacaqda saxlayın ”- deyən qızın xoş sədası onunçün xoş xatirələrə dönən uşaqlığından ayırdı. Qız qalxdıqdan həmən sonra, yanına bir yekəpərin birisi əlində çantası ilə əyləşdi. Yerini rahatlayan yekəpər, Novruzu pəncərəyə tərəf sıxışdırdı. Təbii, ki Novruz heç bir reaksiya vermədi, o demək olar ki, avtobuslarda hər gün belə mədəniyyətsizliklərə öyrənmişdi. Gözünü gedən qızın arxasınca baxıb yenidən kəndlərini bacısını xatırladı.
Zibeydə bircə qızı Şəhlanın oxumasını çox istəyirdi açığı Şəhlanın da oxumağa böyük həvəsi var idi. Ancaq atası Rəsul buna etiraz etmiş və Şəhla orta məktəbi bitirən kimi onu öz qardaşının qaynı oğluna Kürdəmirin Yenikənd kəndinə ərə vermişdi. Beləcə bu arzusu ürəyində qalan Zibeydə xanım özünün gənclik arzusunu reallaşdıra bilməmişdi. Bir zamanlar o da oxumaq həvəsində idi ancaq atası onu belə desək məcburi ərə vermişdi. O da öz xəyallarının puça çıxdığından özünə söz vermişdi ki, qızını oxutacaq. Ancaq indi qızının taleyi də atanın mühafizəkarlığı ucbatından onunku təki puç oldu. Bu bütün Azərbaycan ailələrinə xasdır. Əvvəllər də, elə indi də. Birdən onun gözü paralel əyləşmiş, üzü-gözü həddindən artıq boyanmış, yubkasının qısalığı isə əndamını açıqca büruzə verən elə haradasa bacısının ərə getdiyi yaşda olan birisini görəndə, hər şeyin düz olduğu qənaətinə gəldi və atasına haqq qazandırdı.
Novruz indi gənc yaşlarında qızların könlünü oğurlayan, yaraşıqlı simaya malik, boylu-buxunlu Novruz deyildi. İllər sanki onu günə sərilmiş turşu kimi qurutmuş, cılızlaşdırmışdı. İndi o qul bazarının daimi dilənçisinə çevrilmişdi. Bəli dilənçisinə çünki o hər gün qarşılarında gəlib saxlayan bəzəkli, qiymətli avtomobillərin sahibi boynu yoğunların, xalqın və yetim-yesirin puluyla ətə-cana gəlmiş danışan öküzlərin qarşısında aciz köməksiz varlığa dönərək iş dilənirdi. Bu zamanın və taleyin gedişatı idi. Bu əslində təkcə Novruzun və Novruz kimilərin yox, bu ümumilikdə bütün sadə geyimlər geyinən, bazarlıqlarını bəzəkli qiymətli marketlərdə etməyi xəyal edən, Avtobusu-marşrutu özünün ayrılmaz dostu edən çoxlarının taleyi idi. Əvvəllər Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəyovun yazdığı ssenari əsasında ekranlaşdırılmış “O olmasın bu olsun
” kinosuna baxanda oradakı insan taleləri nağıl kimi görsənirdi Novruza. Bəzən hətta Novruz bu obrazları uydurma, reallıqdan uzaq hesab edərdi. Nə biləydi ki, gün gələcək məhz özü bu obrazlardan birini Meşədibadın arxasınca qaçan hambal rolunu həyatının bütü qalan səhnələrində oynamalı olacaq. Kim idi bunun səbəbkarı, özü, yoldaşı, uşaqları ya qohum əqrəbasımı. Yoxsa hər şeyi başlı-başına buraxan, günbəgün layeqiydlik dəryasında qərq olan cəmiyyətmi ?!
Can sıxıcı yolculuğun ardından nəhayət ki Novruz evinə gəlib çatdı. İndi onu həyat imtahanın ardından yoldaşının danlağını eşitmək imtahanı dururdu. Yoldaşı Natəvan çox deyingən, azla yetinməyən, gözü onun-bunun qazancında olan qəlbi paxıllıq hissiylə doldurulmuş birisi idi. Buna baxmayaraq, Novruz əvvəlki tək çox sevərdi yoldaşını. Ailəsini, uşaqlarını müqəddəs sayan tək-tük kişilərdən idi. Ancaq bəzən Natəvan onu elə vəziyyətə gətirirdi ki, o Natəvanın cılız boğazını yerindən üzmək istəyirdi. Bu an gözünün önünə uşaqlarını gətirib, hirsini içində dəfn edirdi. Beləcə səbir etməyi öyrənmişdi Novruz, bir çoxları tək. Belə bir zəmanədə cılız insanların öküzlərə qarşı ən güclü silahı səbir idi. Bu silah əslində Novruzunda həyatı yaşamağa ilhamlandıran silah idi.
Qapını astaca döyən Novruz beləcə uşaqları narahat etmək istəmirdi. Həmdə istəmirdi ki, onu belə aciz və çarəsiz görsün övladları. Sanki, qapının dilinin blokda əks səda verən gur səsi Novruza fəlakətin yaxınlaşdığı xəbərini verirdi. Qapını açan hər zamankı kimi bu həyatda qazandığı tək-tük kimsələrdən biri həyat yoldaşı idı. Yenə həmişəki tək Natəvanın üzündən zəhrimar tökülürdü. Bu isə gecənin uzun və əzablı olacağı xəbərini verirdi. Salamsız-kəlamsız astaca ayaqqabılarını çıxardıb hamama keçən Novruz arvadı təki soyuq suyla əl-üzünü yuyub mətbəxə yollandı.
Axşamın xeyir! Novruz çətində olsa simasında təbəssüm yaratdı. Natəvan isə qaz plitəsinin arxasında nə isə eşələnirdi. – Deyirəm axşamın xeyir! Novruz qısılmış səsini bir azca qaldıraraq vəziyyəti dəyişməyə cəhd edirdi. – Xeyir…. Əlindəki qabı daqqıltıynan Novruzun qarşısına qoyaraq dedi. Stol çəkib düz Novruzla üzbəüz əyləşdi. – Bəyəm axır vaxtlar xeyirli nəsə var ki ?- Natəvan ciddiləşmiş sifətini bir az daha da ciddiləşdirdi. Bu Novruzun düşündüyü kimi uzun və ağır söhbətin ilk akkordları idi. – Bu gün nə qədər qazanmısan?! Yəqin ki, xəbərin varda qabaqdan novruz bayramı gəlir. Evə bazarlıq etmək lazımdır. Bazarlıq a…. day bir cüt cörək 1-2 kilo kartof soğan yox…. sən məni başa düşürsən! Novruz bu anda danışmamağın məsləhətə uyğun olduğunu dərk edərək sadəcə başını razılıq əlaməti olaraq yellədi. – Sən bilirsən balaların artıq neçə vaxtdır ki, eyni paltarları geyinirlər. Uşaqlar adam içinə çıxmağa utanır. Mən… heç mən özümü demirəm, bir dənə əməlli başlı geyimim yoxdur ki adam içinə çıxım. Nə vaxta qədər hə.. nə vaxta qədər?! – Novruz Natəvanın gözlərində bütün bu bədbəxtçiliyin səbəbkarını tələb edən baxışları sezirdi.
Mən Nə edim bəyəm mən əlimdən gələni etmirəm, bəyəm sübh tezdən gecəyədək hambal kimi balalarımın xoşbəxtliyi üçün işləmirəm. Sən ki, bunları yaxşı bilirsən… Novruz sakit səslə Natəvanın başlatdığı söhbətə cavab verməli oldu.
Mən heçnə görmürəm…. heçnə… sən bilirsən ki ya məktəbdə uşaqlar 10 manatdan yığırlar ki Novruz şənliklər keçirtsinlər…. hamının uşağı verib. Hamının.. bircə mənim balamdan başqa! Niyə axı?! Mənim balam kimdən əksikdi… kimdən….?!
Allah eləməsin sənin balan niyə əksik olur axı…. verərik bizdə verərik… ala bu 10 manat bu gün qazandığım… işlərim yaxşı olub… ver balama getsin bayrama… Novruz simasında təbəssüm yaradaraq aranı yumşaltmağa çalışırdı. Yaxşı bunu verdim balava.. Natəvan tez 10 manatı büküb xalatının cibinə qoyaraq – Bəs biz? Biz nə edəcəyik…. Bunu fikirləşmişsən…. – Əşi allaha şükür nöş darıxırsan novruza hələ 3-4 gün var… Novruz aranı sakitləşdirmək istəyindən əl çəkmirdi. – Nə 3-4 gün bəyəm bu çox vaxtdı…. bəyəm sən bu vaxtacan qaz-vurub qazan doldurasan… eh.. Novruz.. Kimi aldadırsan qarşındakı uşaq zaddı… ayıl e.. ayıl… uçursan xəyallarda deyəsən… Natəvan əllini yellədərək stolun arxasından qalxıb keçdi qabyuyan yerə.
Mən bu bayramı lap ürəyin istiyən kimi keçirdəcəyəm. Mən bu 3 günə lazımı qədər pul qazanacağam. Dəridən-qabıqdan çıxacayam gecə-gündüz yatmayacağam ancaq bu pulu qazanacağam. … Novruz stolun arxasından qalxaraq, yataq otağına keçdi… – Görəcəksən… görəcəksən! Deydikdən sonra əynini necə dəyişib yerinə girdiyindən və dərhal yuxuya getdiyindən xəbəri olmadı.
Dan yeri təzəcə sökülürdü, bir çoxları isti yatağında qıvrılıb bazar günün imkan yaratdığı istirahətdən zövq aldığı halda, Novruz artıq öz yarı ütülü, yarı ütüsüz köynəyinin üstündən kirdən qaralmış pencəyini çoxdan geyinib, səssiz və azacıq işıqlanan blokun pilləkənləri ilə dodağının arasında onun ömrü kimi heç kimi əriyən siqaretindən tüstü vura-vura aşağı enirdi. Artıq çoxdan idi ki, Novruz üçün nə bazr günü mövcud idi, nə bayram… onun üçün sadəcə bir amal var idi qazanmaq… Nəyin bahasına olursa-olsun evə, uşaqlarına çörək pulu qazanmaq. Bu Novruz kimi milyonların bu ölkədə məhkumiyyəti idi. İstirahətsiz, gecəsiz-gündüzsüz işləmək. Ölməmək üçün fələklə baş-başa mübarizə aparmaq.
Bu gün Novruz nəyin bahasına olursa olsun iş tapmalı idi, çoxlu pul gətirə biləcək bir iş… evdə yoldaşının uşaqlarının qarşısında başı dik dura biləcəyi bir iş. Bir neçə saat idi Novruz onlarla qul bazarının iş dilənçiləri təki onlara yaxınlaşacaq bahalı avtomobilləri gözləyirdi. Novruz demək olar ki, hər yanından ötən avtomobilin ardından körpənin anasının dalınca baxarmış kimi yazıq-yazıq boylanırdı. Budur daha bir qara tünd rəngli hər kəsin cip deyə adlandırdığı maşın onlara yaxınlaşdı… Novruzun gözlərində sanki qaranlığı aydınlatan ayın parlaqlığı yarandı… bu arzunun reallaşması idi, bu xəyallların gerçəkləşməsi demək idi… Bu Natəvanən deyinməsindən yeganə xilas idi və nəhayyət bu övladlarının gözlərindəki sevinc idi. Novruz tez qaçdı boynuna yoğun gümüşü sep aslanmış ortayaşlı kişinin yanına… Heç bilmədi necə oldu… ancaq oldu… o artıq maşında əyləşmişdi…- deməli Allah var! Öz-özünə dodağlarının arasında mırıldandı.
Tanımadığı yerlərdən, başa düşə bilmədiyi musqinin sədaları altında öz iş yerinə gəlib çıxıdı.
“Voobşim” uşaqlar burda hovuz olacaq dərinliyi 2 metr,eni uzunu üçün-beşə… aydındır. Boynu sepli kişi öküz kimi agzında nəsə kövşiyə-kövşiyə sözünü deyib getdi. Novruzgil 3 nəfər idi, iki gün vaxtları var idi. Xöşbəxtlikdən yağış yağmış, torpağı islatmışdı. Bu Novruzun işini bir xeylağ asanlaşdırırdı. Novruz pencəyi əynindən çıxardıb, köynəyinin qolunu çirmələdi, yanında torpağa batırılış, beli əlinə alıb başladı işə. Hər bel vurduqca Novuz beynində xəyallar qurur, burdan qazanacağı pulu nə edəcəyini ağlında götr-qoy edirdi. Doğrusu, o hələ heç nəqədər pul alcağını bilmirdi. Bu qalmışdı ev yiyəsinin imanına. Novruz ümid edirdi ki, kifayət qədər pul alacaq.Novruz beli tez-tez vurur, çox az istirahət edirdi. O, işini tez bitirib, növbəti iş tutmaq arzusunda idi.
Bu gün nəhayət ki, ağır keçən iş günündən sonra öz halal zəhmətinin qarşılığın almaq vaxtı çatmışdı. Yoğun boyunlu asta addımlarla gəlib Novruzgilə yaxınlaşdı. – Bəsdirin! Bu günlük kifayətdir. Sabah yenə bu vaxtı burda sizi gözləyirik. Pul istəyən, iş istəyən gələr. Buda pullarıvız, alın! – yoğun boyunlu pulları minnət dolu baxışlarla Novruzgil tərəfə uzatdı. Hərəyə 10 manat… Novruzla bərabər gələn iki nəfər dinməzcə pulların götürüb ciblərinə qoydular. Novruz bir pula baxdı, bir boğazına qalın sep asılmış adama baxdı, bir də çönüb öz zəhmətinə baxdı. Nə isə düşündü… — yox qardaş bu məni qane etmir, yağışın altında eşşək balası kimi səhərdəndi işləyirəm… heç iti saxlasan bu havada durmaz ancaq biz işləyirik… insafda dinin yarısıdı. Heç olasa 20 elə… sən allah.. üsyandolu sözlərlə başlayan nitqin belə yalvarışla bitəcəyi əslində heçdə təəcüblü deyildi. Novruz ürəyində bu gün evinə iyirimi manat aparacağı ümidini ititməmişdi. Ala… çox çərənləmə ala bu pulu şatdığva şittik eləmə bunu qazanmayanda var… bəsindi… – Mən yetim payı istəmirəm mən öz hala qazancımı, öz halal zəhmətimin əvəzini istəyirəm. Novruz 10 manatı alıb, ovcunun içində boynu seplinin gözlərinin içinə baxa-baxa bükdü…—mənə yetim payı lazım deyil…. deyib pulu onun üstünə atdı. Boynu seplinin sifəti qızardı..—buna bax aa… allahın fəhləsinin forsuna bax… əclaf … sözünü ağzında bitirməmiş üzündə Novruz çoxdan bəri sığılıb gözləyən yumruğunun zərbə gücünü hiss etdi. Novruz ikinci zərbəni vurmağa imkan tapmamış üstünə hardansa 3-4 nəfərin düşdüyünü aldığı yumuruq, təpik zərbələrindən anladı. 5 dəqiqə belə zərbələr davamlı alan artıq ağzı-burnu qan içində olan Novruz ayağa durmaq gücündə belə deyildi. Yoğun seplinin –bəsdi—səsi azğın köpəklərin atılmış tikə ətin üstsünə düşdüyü kimi düşmüş adamlar dayandı. Qaldırın bunu təpiyi ilə yerdə qıvrılıb qalan Novruzu itələdi. Azğın köpəklər Novruzun qoluna girib onu qaldırdılar.Yoğun sepli adam Novrza yaxınlaşdı, üzünə tüpürərək – Adamıvı tanı əclaf…. deyib yumuruğu Novruzun düz gözünün altına vurdu. Novruzun son zərbədən başı gicəlləndi və sankı bütün bu dünya alt üst oldu, hər şey onun başına fırlandı. Əslində hər şey elə alt üst idi Novruzun xəyallarıda, özüdə… elə bu heç kimin gərəyi olmayan dünya da alt üst idi.
Novruz evə getmək istəmirdi, axı onun heç üzüdə yox idi. Necə əli boş, belə bir bayam günü evə gedə bilərdi. O qərara aldı evə getməyəcəkdi, birdə heç vaxt o qapıdan içəri keçməyəcəkdi. Novruz fikirli-fikirli Əzizbəyov metrosunun avtobus dayanacaqları üçün ayrilmiş yerdə səs küy içində gəzişirdi. O avtobuslar arasında özünə yer tapıb əyləşdi. Cibində əzilmiş siqaret qutusundan bir siqaret çıxartdı. Barmaqlariyla siqareti əzib damağına qoydu. Cibindən yandıranən çıxardıb, əli əsə-əsə siqaretini yandirdi. Gözlərindən yaş gilənir, səsinin uca çıxmaması üçün içində boğurdu. Sağ əli ilə başını sıxıb, sol əli sömüdrüyü siqaretin külünü yerə vururdu. Düşünürdü….. hey düşünürdü. Harda səhv etdiyini, bütün ömrünü anbaan gözünün önündən keçirtdi. Çox götür qoy etdi, hər şeyin belə asan bitməməsi qənaetinə gəldi. Axı niyə o, kiminsə önündə əyilməli idi, axı niyə o, kimə görəsə evinə, ailəsinin yanına getməməli idi, axı niyə o, gecəni küçələrdə keçirməli idi. O, artıq filterə dirənmiş siqaretindən son tüstünü vuraraq, ayağa qalxdı. Üst-başının toz-torpağını ehmalca təmizlədikdən sonra yenidən o evə, doyülüb qovulduğu evə halalca pulunu almağa yollandı. Novruz uşaqlıqdan belə idi, o heç zaman beləcə asan təslim olmurdu. Universitetə qəbul olmadığı birinci ildə, bəziləri Novruza lağ edib güldüyü halda, o ümidini itirmədi və yenə oxudu. Tarlada işləyə-işləyə, pambıq yığa-yığa kənd həyatının bütün çətinliklərini çiyinlərində daşıya-daşıya oxudu. Sınmadı, yıxılmadı və istədiyinə nail oldu. Bəs indi niyə hər şeylə beləcə asan barışmalı idi, axı dəyişən heç nə yox idi, Novruz elə əvvəli tək inadkar Novruz idi.
Bayaq döyülüb qovulduğu evə geri dönmək üçün gəldiyi avtobusa mindi. Yerini rahatlayaraq gözlərini pəncərəyə, uzaqlara dikdi. O hələ də ümidini irirməməşdi. O hələdə o Boynu yoğun öküzün içində kiçik də olsa bir insafın olduğu xəyalında idi. Öz uzun və keşməkeşli həyatında belələrinə çox rast gəlmişdi. O əla bilirdi ki, hətta ən daş qəlbli insanın qəlbində belə insaf var. Bu fikir onu geriyə gəncliyinə apardı. Rəhmətlik qaynatası Rəhim kişi yadına düşdü. Ata-anası iki dəfə Rəhim kişinin qapısında olsada, o qızını Novruza verməyəcəyini bildirmişdi. Novruz isə hələ o zaman itirməmişdi ümidini və özü özündə güc taparaq Rəhim kişinin qapısına getmişdi. Novruzun üzündə çətinliklədə olsa təbəssüm hissi yarandı, sanki həmən ki o gün bir film kimi gözünün önündən keçdi. O gün yağış yağırdı, Novruz təzə əyninə aldığı pencəyini geyinmişdi, Natavangilin qapısını döyəndə elə bilirdi Rəhim kişi onu qəbul edəck, onun sözünü dinlyəcəkdi. O ümidlə qapını tıqqıllatdı, tıkkıllatdı və nəhayət qapı astaca açıldı. Qapının arxasında rəhmətlik qaynanası Hədicə xanımın xoş siması görsəndi. Arvad Novruzu qabağında görcək rəngi ağardı. Elə bil xortlamış ölü görmüş kimi dil-dodağı dolaşdı. Ağzını açıb nə deyəcəyini bilmədi. İlk sözə Novruz başladı: Salam eleykum, Rəhim kişi evdədir. Bıy, oğul sən burda neynirsən, sən heç biz tərəflərə gəlməzdin axı. Hədicə xanımın bu sözlərlərindən hələdə gözlərinə inanmadığı qənaətinə gəlmək olardı. Gəldimdə… Necə deyərlər Məhəmməd dağa tərəf getməsə dağ Məhəmmədə tərəf gedər. Novruz nə qədər inadkar olduğunu vurğulayırmış kimi azacıq olsada qurban bala… xoş gəlmisən keç içəri. Rəhim dayını indi çağırıram deyib Hədicə xanım eyvana qalxıb gözdən itdi. Novruz boynu bükük ümidlə darvazanın ağzında durub gözlədi.. gözlədi… Hələdə nə Rəhim kişidən xəbər var idi, nə də Hədicə xanımda. Bu zaman qəfil olaraq yağış başladı. Əvvəlcə narın yağan yağış ani olaraq leysana çevrildi. Hədicə xanım qaçaraq darvazaya yaxınlaşdı, bala get evivə Rəhim kişi deyir ki mən dediyimi demişəm… ged oğul get. Yox… ay bibi… gedəsi deyiləm… ağsaqqalla görüşməmiş gedəsi deyiləm. Bu sözləri Novruz artıq yağışın damcılarından qaçan Hədicə xanımın arxasınca qışqırdı. Çox gözlədi.. yağış bütün üst başını islatmışdı. O isə gözlərini Natavangilin eyvanına dikib oradan hələ də Rəhim kişinin çıxacağını gözləyirdi. İndi dəqiqliklə yadına sala bilmir nə qədər gözlədi, ancaq bir ara ona elə gəldiki Rəhim kişi eyvandakı gündən saralmış pərdəni aralayaraq ona diqqətlə baxdı. Bəlkə də bu sadəcə ona elə gəlmişdi. Ancaq nə oldusa bu daş ürəkli Rəhim kişinin ürəyindəki kiçicik insaf dilə gəldi. Yağışdan qaçaraq gələn Hədicə xanımın bu dəfə üzündə təbəssüm uzaqdan asanlıqla sezilirdi. Bala day gözləmə, Rəhim dedi ki, get atan gilə de sabah gəlsinlər. Bu cavab o zaman Novrza qanad vermişdi və o belə bir yağışda necə evə gəldiyini heç bilməmişdi. Sonuncu dayancaq deyəndə Novruz yenidən şirin keçmişdən ayrılıb acı indiki zamana qayıtdı. İçindəki ümidlə asta addımlarla avtobusdan endi, cibindən əzilmiş qutudakı sonuncu siqaretini çıxardaraq bayaq döyülərək qovulduğu evə tərəf getdi.
Artıq gəlib həmin evə çatmışdı. Bütün cəsarətin tolayaraq hundur sadə olmağına baxmayaraq, kifayət qədər əzəmətli görünən darvazanın qapısını döydü. Bir azca gözlədikdən sonra yenidən döydü yenə həyətə qula verdi səs gəlmirdi. Yenidən qapını bir neçə dəfə taqqıllatdı bu dəfə də ona qapı açan olmadı. Novruz fikrində belə tutdu ki, yeqin heç kəs onu eşitmir, ya da eşitmək istəmir. Ancaq Novruz beləcə qapının açılmadığı üçün geriyə qayıda bilməzdi, o beləcə asan təslim ola bilməzdi. O hasara boylandı, o qədərdə hündür deyildi. Qonşuluqda həyətə tökülən daş parçalarında ikisi gətirib üst-üstə qoydu. Hasara dırmaşaraq içəri həyətə düşdü. Yenə də nədənsə tərəddüd etdi və ev yiyəsini hayladı. “Ev yiyəsi! Ay ev yiyəsi” Cavab gəlmədi. Həyət Novruzun həyatı kimi səssiz və cansıxıcı idi. Hər yerdə təmir işlərinin qalıqları bu ab havaya daha da cansıxıcılıq verirdi. Novruz ağır addımlarla evə tərəf irəllədi. O yol boyu ətrafa göz gəzdirir, kimisə görə biləcəyini ümid edirdi. Ancaq heç bir canlı gözə dəymirdi. Novruzun evin qapısını döydü. İçəridə isə yenə də səs səmir eşidilmirdi. Novruz əlini qapının dəstəyinə vurdu, və qapı asanlıqla açıldı. Bu an Novruzun içində bir ümid qığılcımı yandı. Qapının açıq olması, evdə kiminsə olmasına dəlalət idi. O içəri keçdi və yenə ev yiyəsini hayladı. Yenə də ölü səsizlik həyətdəki kimi evdə də hökm sürüdü. Ev içiylə azacıq irəllədikdən sonra aşağı mərtəbədə heç kimin olmaması qənaətinə gəldi. Gözünə yuxarı mərtəbəyə aparan pilləkən dəydi. Bu pilləkən onu bu günkü qazancına apara bilərdi. Tələsik addımlarla yuxarı qalxdı. Yuxarı otaqlar aşağılara nisbətən daha səliqəli və toz içində deyildi. Novruz bu dəfə də ənənəni pozmadı və ev yiyəsini hayladı. Yenədə səsizlik.. Novruz.. yavaş- yavaş bütün otaqları gəzirdi. Lakin heç kim yox idi. Novruz aşağı enmək istəyirdi ki, gözünə otaqların birində stolun üstünə qoyulmuş pul kisəsi dəydi. Bilmədi heç hardan bu hiss ona gəldi ancaq o bu pul kisəsinin içinə baxmaq qərarına gəldi. Birdəki axı o bu gün evə əli boş gedə bilməzdi. O sadəcə o pul kisəsinin içində öz halal zəhmətini axtarırdı. Pul kisəsini əlinə götürdü. Çoxdan idi ki, belə bir pul kisəsi onun əlinə dəymirdi. Ancaq bir vaxtlar tələbəlik illərində o öz pul kisəsiz heç yerə getməzdi. Yadına öz pul kisəsini Moskvada tələbə yoldaşları ilə istirahətə getdiyi vaxt aldığı düşdü. Bu onun xaricə son səfəri olmuşdu. Bir dəki axı onun indi pul kisəsi nıyinə lazım idi. Pul kisəsi üçün öncə onun içini dolduracaq pul olmalıdır. Pul isə Novruzdan uzaq düşmüşdü. Hətta lap uzaq. Pul kisəsinin içində müxtəlif bərli bəzəkli bank kartları və birdə 100 manat diri pul var idi. O bir pula baxdı, birdə evdəkiləri yadına saldı. O həyatı boyu artıq pul haram pul yeməmişdir. Heç indi də niyyəti yox idi. Ancaq bir tərəfdən də evə axı beləcə suyu süzülmüş şəkildə gedə bilməzdi. O çox düşündü, çox fikirləşdi 100 manatı götürüb cibinə qoydu və ağır addımlarla aşağı enməyə başladı. Ancaq içində nə isə bir hiss ona rahatlıq vermirdi. Sanki o səhv edirmiş kimi, günah iş görürmüş kimi o hiss onu içdən yeyirdi. Bu düşüncələrlə Novruz həyətə çıxdı. Həyətdəki səsizlik Novruzun içindəki rahatsızliğı daha da alovlandırırdı. Artıq bu rahatsızlıq qorxu hissinə çevrilmişdi. Novruz sankı oğurluq edibmiş kimi ətrafa ehtiyatla göz gəzdiridi. Hasarı aşmaq üçün həyətdə rəngsazların işlətdiyi el içində eşşək beli deyilən taxta qurğunun belinə mindi. Hasardan təzəcə aşağı enmişdi ki, kimsə sanki onu səslədi. A kişi sən kimsən, Nə gəzirdin burda! Bu səslər Novruzu təftişə saldı. O qaçmağa başladı. Əslində niyə qaçdığını heç özüdə bilmirdi. Axı o heç bir əyri iş görməmişdi. O səs isə onu izləyirdi. Novruzun taqəti kəsilirdi, bu günkü yorğunluq öz sözünü deyirdi. Artıq onun daha bir addım atmağa halı qalmamışdı. Novruz halsız şəkildə bilmədiyi yerdə, bilmədiyi bir darvazanın qarşısında çöməldi. O səs isə get gedə yaxınlaşırdı. Bu bir azca yaşlı kişi idi. əlində taxta parçası var idi. Novruza çatan kimi ona əlindəki taxta paçasıyla ağır zərbə endirdi. Oğru….. bu onun eşitdiyi son sözlər oldu və huşunu itirdi.
Gözlərini açanda soyuq az işıqlı bir yerdə uzandığını gördü. Ancaq nə qədər istəsədə ayağa dura bilmədi. Bütün bədənində cızıltını hiss etdi. Taqətsiz və gücsüz olan Novruz gözlərini yenidən bağlayaraq uzandı. Azacıq uzanmışdı ki, bir kobud səs onu oyatdı. “Qalx qalx sənə deyirəm” Novruz gözlərini güclə açdı. Yanında duran yekə qarın əynində polis forması geyinmiş bir kişi onun əllərindən tutaraq qaldırdı. Qalx gedək! Müstəntiq gözləyir ifadə verməlisən. Novruz güclə ağzını açaraq onu itələyərək aparan polis işçisinə “ Nə müstəntiq, sən nə danışırsan! Məni belə itələmə görmürsən heyim yoxdu yeriməyə. Dedi. Heyin yoxdu… buna bax aa camaatın evin yaranda heyin var idi, indi isə heyin yoxdu. Bəsdir özüvü artistliyə qoydun. Mən sən kimisin burda çox görmüşəm. Hələ indi Novruz başa düşdü ki, məsələ nə yerdədir. Ağzını açıb polisə günahsız olduğunu və səbəbsiz yerə qaçdığını anlatmaq istəyirdiki, “hə çatdıq, gir içəri orda suallara cavab verəcəksən” deyən polis sanki onu bilərəkdən qabağladı və itələyib müstəntiqin otağına saldı.
Otağ kifayət qədər səliqəli, səhmanlı idi. Pəncərinin önündə dibçəklər, masa, masanın üstündə səliqəli yığılmış kağızlar, azərbaycanın bayrağı. Masanın arxasında Azərbaycan prezidentinin rəsmi divarda Azərbaycan Respublikasının xəritəsi, bir sözlə burada ideal dövlətçiliyin qorunması təcəssüm olunmuşdur. Kresloda əyləşən əyninə mülki geyim geymiş, təzəcə təraş olduğu üz-gözündən bilinən müstəntiq Novruzun qarşısına bir vərəq qoydu, bir də qələm. Yaza bilirsən? Bu sual Novruzu sanki bu otağın ab-havasından ayıltdı. Bəli, bəli niyə yaza bilmirəm ki, ancaq nə yazmalıyam? Niyə yazmalıyam. Müstəntiq kreslosunda oyana-buyana yellənərək: A kişi, necə yəni nə yazmalıyam, yaz niyə? Nə səbəbə? Vətəndaş Əbilov gilin evini qarət etmisən. Novruz bu sözə duruxdu. Nə etmişəm, qarət etmişəm! Azacıq gülümsünüb, başını yellədi. Mən heç kəsin evini qarət etməmişəm. Sadəcə pulumu götürməyə gəlmişdim. Müstəntiq bu cavabı gözləyirmiş kimi: Ay sağ ol yaz, yaz ki mən evdən filan qədərə pul götürdüm. Novruz artıq əsəbi tonda : Cənab müstəntiq pul götürməmişəm, pulumu götürmüşəm. Müstəntiq kreslonu yellətməyi saxlayaraq: Nə fərqi var hə, əsas budur ki, götürmüsən i vse! Niyə məni incidirsən hə! Onsuzda Əbilovlar uje ərizəsin verib! Onlar qeyd ediblər ki, bu gün saat 13-1400 iradələrində evdə olmadıqları zaman, sən onlara məxsus həyətə girərək pul kisəsini və içindəki 100 manat pulu oğurlayibsan. Novruz diqqətlə baxdı müstəntiqə, sanki onun nə dediyini beynind götür-qoy edirmiş kimi. Sonra ah çəkdi, ay qardaş başıva dönüm mən heç kəsin pulunu oğurlamamışam. Özüdə pul kisəsin heç götürməmişəm. Mən sadəcə səhər tezdən o evdə fəhlə kimi işləməyə gəlmişdim. Sonra biz işi qurtardıq, ev yiyəsi mənə çatacaq pulu vermədi hələ bir üstəlik də döydü. Mən isə suyu süzülə-süzülə qayıtdım Əzizbəyov metrosuna ki, gedəm evə. Ancaq sonra fikrimi dəyişdim qayıdıb gəldim həmən və ki, pulumu istəyim. Dedim bəlkə verərlər. Ancaq evdə heç kəs olmadı mən hasarı aşdım, girdim evə pul kisəsin gördüm içinə baxdım gördüm 100 manat pul var məndə götürdüm ki, xırdalıyım 20 manatı götürüm qalanın qaytarım verim yiyəsinə. Bu zaman kimsə məni qovaladı və mənə ağır zərbə vurdu. Əsl həqiqət budur. Hə.. maraqlı hekayədir. Necə deyərlər avazın gözəldir, oxuduğun quran olsa. Buzaman içəri bir polis serjantı daxil oldu. Müəllim Əbilov gəlib, gəsin? Hə, qoy gəlsin kakraz üzləşdirərik. Bu an Novruzun gözündə bir ümid qığılcımı parladı o düşündü ki, Bu Əbilov deyilən boynu yoğun onu tanıyacaq və hər şey xoşluqla bitəcək. Ancaq necə deyərlər sən saydığıvı say gör fələk nə sayır.
Əbilov elə Novruzu əzişdirən o boynu yoğun öküz idi. Düz Novruzun gözünün içinə baxaraq, gəlib əyləşdi onunla üzbəüz. Vətəndaş Əbilov məsləni uzatmaq lazım deyil. Müstəntiq sözə başladı. Sən bu adamı tanıyırsan? Yəni bundan qabaq bu adam sizin evdə olub? – Əbilov yenə baxdı Novruza, və dönüb müstəntiqə tərəf doşan səslə xeyir cənab müstəntiq birinci dəfədir görürəm. Bu söz sanki Novruzun başına qaynar su səpdi. Novruz özünü sxalaya bilmədi. A.. necə yəni birinci dəfədir. Sən məni əzişdirməmisən?! Sən mənim pulumu verməyib həyətindən qovmamısan. Öküzsən bunu bildük! Day bu qədər də yox da! Mənim balalrım var türməyə atdırmaq istəyirsən məni ay əclaf. A kişi ağzivin danışığın bil mənim otaqımdasan, bazarda deyilsən! Burda hələm mən sualları verirəm. Bildün! Üzünü Əbilova tərəf tutaraq, vətəndaş Əbilob bu Novruzun dedikləri düzdür? Əbilov yenə də düz Novruzun gözünün içinə bxdı və dönüb müstəntiqə tərəf xeyir cənab müstəntiq. Şər yaxır, mən bəyəm adam döyən zadam. Siz ki, məni ailəmi yaxşı tanıyirsız İlqar müəllim!
Hə.. müstəntiq bir balaca fikrə getdi. Yaxşı tanıyıram. Tanıyıramda sözdü! Mən sənin atanla eyni məktəbi bitirmişik. Bizim birlikdə günlərimiz olub e… Nəsə… sən gedə bilərsən oğul! Atana məndən salam de! Denən narahat olmasın İlqar əmi hər şeyi öz qaydasına qoyacaq. Əbilov ayağa qalxdı, və gülər üzlə müstəntiq otaqını tərk elədi.
Hə.. Novruz indi nə deyirsən! Müstəntiq üzünü Novruza tərəf tutaraq. Bəs deyirdin döyüblər, pulumu verməyiblər. Gül kimi ailəyə şər yaxırdın. Allaha and olsun əgər bu sənin ilk belə işin olmasaydı, səni dərhal atdırardım qazamata. Çürüyərdin orda. Amma nə edim, mən köpəy oğlu ürəyi yumuşaqamda. Yazıqım gəlir sənə, sənin balalarına bilməmisən iştahlanmısan etmisən. Ancaq indi gərək bu səhvi düzəldək. Bu an Novruz müstəntiqin gözündəki parlaqlığı hiss etdi. Sanki o, bundan sonra hansı cümlənin gələcəyini öncədən sezmişdi. Bu cür gedişat heç cür Novruzu açmırdı. Hə… müstəntiq dərindən ah çəkərək, fikrini dvam etdirdi. A kişi mən sənə görə deyirəm, yazıqsan, cavansan özüvü türmələrdə yem eləmə gəl sən bu qardaşın deyənə qulaq as! 5000 manat gətir ver sənin işivi həll eləyim. Mən yenə deyirəm ki, səni fikirləşib detyirəm. Nə qədər ki, məsələ məhkəməyə gedib çıxmayıb burda özümüz öz aramızda yüngülvari həll edək. Əbilovlarda ki, özgə deyil onlar mənim sözümü yerə salmazlar.Hə nə deyirsən.
Bayaqdandır diqqətlə müstəntiqin dediklərni dinməzcə dinləyən Novruz. Ağzın açıb nəsə deməmişdən qabaq bir bayraqa baxdı, bir prezdentin şəklinə baxdı. Sonra dərindən ah çəkərək, müstəntiqə ciddi baxışlarla baxdı. Düzəlməz.! 5000 manataım olsaydı mən 20 manata görə kiminsə evinə girməzdim. Birdəki mənim qohum eqrabam yoxdur ki, ona ağız açam dilənəm. Bir sözlə mənim pulum yoxdur. Pulun yoxdur …. kinayə ilə soruşan müstəntiq gülümsündü. Pulun yoxdur ayə bəyəm Azərbaycanda pulu olmayan var. A kişi sən heç bilirsən nə danışırsan. Düzəlməz nədi ən azı sənə 3 il verəcəklər məhkəmədə. O daki, əgər görüm-baxım eləməsən. Ağlıvı yığ başıva bir daha fikirləş. Belə şans ələ düşən deyil.
Cənab müstəntiq, özüvüzü nahaq yorursuz! Mən sizə nədəki, məhkəməyə pul verən deyiləm. Mənim pulum yoxdur. Olmayib və olmayacaq da. Mənim bir təmiz adım var idi, o da bu gün artıq ləkələndi. Odur ki, mənim daha heç nəyim qalmayıb. Daha heç nəyim. Siz deyirsiz ki, Azərbaycanda pulu olmayan yoxdur. Gəlin bir saat bizim qul bazarında durun o zaman anlayassız pulsuzluq nədir. O zaman anlayarsız məni.
Serjant.. uca səslə müstəntiq çölə səsləndi. İçəri bayaq ki, serjant rütbəli polis işçisi girdi. Bəli rəis, eşidirəm. Apar! Müttəhimi deyəsən deyəsi sözü yoxdur! Polis Novruzun əzilmiş cüssəsini qaldıraraq önünə doğru itələdi. Novruz qapıdan çıxanda onun bir gözü ağlayır bir gözü gülürdü. O bilmirdi ki, Natavanın deyinməsindən və bu bayram məsuliyyətindən canın qurtardığına sevinsin ya da ki, uşaqlarını bayram günü atasız və gözlü yaşlı qoymasına və birdə öz təmiz adının heç vaxt qayıtmayacağına ağlasın.
Bir daha Novruz düşündü. Kim idi bütün bunların səbəbkarı, özü, yoldaşı, uşaqları ya qohum əqrəbasımı. Yoxsa hər şeyi başlı-başına buraxan, günbəgün layeqiydlik dəryasında qərq olan cəmiyyətmi ?!
Son…
Müəllif: Elman Zal
24.08.2009 Bilgəh!