Eylül, 2009
Demokratiya
Amerikalilar demokratiyanın
beşiyindən düşüb
uşaq cüce boğan kimi boğdular
iraqlıları,əfqanları
xətirlərinə deyən olmadı bari
daha da oxşadılar, tumarladılar
onlar da dünyanı qamarladılar
…görəsən kim demişdi
- gəlin dünyanı uşaqlara verək
Müəllif: Bəxtiyar Hidayət
Elan
Ən qədim zamanlarda,
döyüşlərdə qanlarda
Oğuz ərənləri tərəfindən,
Koroğlu dəliləri tərəfindən
bir millətə verilmish
24AZ7777 N-li
millət vəsiqəsi itdiyi üçün
etibarsız sayılır
Müəllif: Bəxtiyar Hidayət
Avtoportret
Mən də uşaq vaxtı dava-dava oynamışam,
beş dash oynamışam, gizlənpaç oynamışam,
cilingağac oynamışam,
səmimi deyirəm, oğruluq etməmişəm.
Böyüdüm,
müxalifətçi və şair oldum
Bir müxalifətçi kimi hökümətlə dava-dava oynadım
polislə daş-daş oynadım, gizlənpaç oynadım,
Əzraillə çilingağac oynadım
Bir şair kimi sözlə oyun oynadım,
amma söz oğrusu olmadım
Sözlə oyun oynadığımçun
söz də mənimlə gizlənpaç oynadı, dava-dava oynadı
əvəzində daşları sevdirdi,
ağacları sevdirdi söz mənə
amma adamları sevdirə bilmədi.
nə də mən sözü adamlara sevdirə bildim
Və özümü nə hökümət adamlarına,
nə müxalifət adamlarına,
nə də söz adamlarına sevdirə bildim mən
Müəllif: Bəxtiyar Hidayət
Arzu ölümdən yaxın

(Arzusuna çatmayanda ölümə tələsənlərə)
Üstünə gəlirmi qəhər qoşunu?!
Fikirlər yorumu yorğun başını?!
Biryolluq tullayıb sevgi daşını
Hara gedirsen?!
Payızım qış gəlib, yetişməz qoram,
Kədərdən varlıyam, qismətdən koram,
Sözümün quluyam, sanma nankoram,
Hara gedirsən?!
Hər sözün yozulan yüz mənası var,
Minlərlə arının bir anası var,
Nə olsun onlarla su sonası var?
Hara gedirsən?!
Hərləyib, fırlayıb ötən günləri,
Yan-yana düzürsən xatirələri,
Müqəddəs olmusan nə vaxtdan bəri,
Hara gedirsən?!
Onsuz da sönəcək yanan ocaqlar,
Sazağa dönəcək isti qucaqlar,
Umulan hər şeyi unudacaqlar,
Hara gedirsən?!
Düşmənmi olmusan bu ənginliyə
Sevilən torpağa, sevdirən göyə,
Bu qəfil sevdadan bezmisən niyə?
Hara gedirsən?!
Su minnət götürməz, qismət qadağa
Arzu var bənzəyir keçilməz dağa,
Ömrümü vədəsiz verib sadağa
Hara gedirsən?!
Dənizə üz tutsan, su itirəcək,
Ocağa üz tutsan, od götürəcək.
Gedişin qəlbimdə qəm bitirəcək
Hara gedirsən?!
Bir sirli qalayam, ot basmış yolam,
Hələ ki dilimə dəyməyib yalan,
İnanma tablaşıb mən sənsiz qalam?!
Hara gedirsən…???
03.10.1993
Müəllif: Sərdar Zeynal
E mail:serdar-zeynal@box.az
Yaxşı üsyan
Yox, bacım, yox, nə dedin sən?!
Yaxşı olmaq istəmirəm, bezmişəm.
Yaxşı anın yaxşıların olmadığın sezmişəm.
İstəmirəm Xudu kimi dərk edəm,
Neçə elmi kəşflərə ərk edəm.
Bu millətin taleyində taleyimi
Ən mötəbər kürsülərdə bərk edəm.
Xudu Məmmədov kimi,
Fərman Kərimzadə kimi,
Hamlet Xanızadə kimi,
Təbrizli günlərinin həsrətlisi
Xəlil Rza kimi,
Kimlər, kimlər, kimlər kimi…
İstəyirəm öz cığırım oslun mənim,
Öz üslubum olsun mənim
İstəyirəm qəlibləri tərk edəm
Bu millətin mübarizlik qovğasında
Dərkənarım olsun mənim.
Olsun adım qəhrəmanlar cərgəsində
Olsun adım fədailər dəstəsində.
Vətənimdə vətən daşı olum mən.
Məmməd Araz vətəndaşı olum mən!
Yaxşı adam istəmirəm olum mən
Yaxşıları yaşatmayır yamanlar,
Yaxşıları yaşatmayır insanlar.
Nə şairəm, nə də rəssam,
Nə Allaham, nə də şeytan,
Sənin kimi min bacıdan biriyəm,
İstəmirəm yaxşılar tək bu dünyada əriyəm.
Qoy, beləcə nəfəs alım sənin kimi,
Onun kimi,
Lap O kimi!
Qoy, beləcə həvəs alım yaşamaqdan,
Yaşamağın özündəncə oğurlayım
yaşamağın fəlsəfəsin.
Burda boğub yaşayanı
Boğulanı yaşatmayım o tərəfdə.
Həyat məni əzər deyə
Həyatımı mən əzməyim.
Karıxmayım fikirlərin bətnində…
Ağ qarayla,
Qara ağla yoğrulubdur,
Qarğalar da yorulubdur.
Bəs mən niyə yorulmayım,
Yolunmayım həyat cəngəlliyində?!.
Ömrün ili
bir tel qədər incədir.
Biz ömürsüz heç nəyiksə,
Ömür bizsiz necədir?!.
Müəllif: Aysel Novruz